Siyasət Əsgərov futbolsevərlərə müraciət edib: “Biz tarix yaza bilərik”

Siyasət Əsgərov futbolsevərlərə müraciət edib: “Biz tarix yaza bilərik”

Bakı. TurkicWorld:

"Oyunun gərgin olacağını bilirdik. Farer adalarınn oyununu yaxşı təhlil etmişdim. Onlar bütün matçlarda məğlub olsalar da, digərlərindən çox zəif deyildilər".

Bunu İdman.biz saytına Azərbaycanın qadınlardan ibarət milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.

O, komandasının UEFA Millətlər Liqasının III turu çərçivəsində Farer adaları ilə oyunu şərh edib. Əsgərov bildirib ki, səfərdə 2:1 hesabı ilə qalib gəlmələrində rəqibin üstün tərəflərini yaxşı təhlil etmələri rol oynayıb: "Qızlar da tapşırıqları düzgün yerinə yetirdi. Komandamız oyuna yaxşı başladı və gedişat da bizim xeyrimizə oldu. Bilirdik ki, qol vursaq, rəqib boşluqlar verəcək. Belə də oldu. Nəticə 2 dəfə fərqlənib qələbə qazandıq".

Baş məşqçi komandasında heç kimi fərqləndirməyib. Onun sözlərinə görə, yığma komanda olaraq gözəl mübarizə aparıb: “Futbolçular 3 oyundur istək və xarakter göstərir. Buraxdığımız qolda da komanda olaraq səhv etdiyimizi düşünürəm".

Qarşıda millimizi Monteneqroya qarşı oyun gözləyir. Əsgərov həmin matçı final kimi dəyərləndirib: “Onları məğlub etsək, böyük ölçüdə qrupdan çıxmağı təmin edəcəyik. Əvvəldən qarşımıza bir məqsəd qoymuşuq, qrupdan çıxmaq. Monteneqro da son oyunda qalib gəldi. Artıq onların 6 xalı var və Bakıya qələbə üçün gələcəklər".

Əsgərov azərbaycanlı futbolsevərlərə müraciət də edib: "Bütün Azərbaycan futboluna azarkeşlik edən, futbol sahəsində işləyən bütün şəxsləri stadiona dəvət edirəm. Növbəti oyunda komandamızın yanında olsunlar, bizə dəstək versinlər. Bu bizim üçün böyük stimul olar. Biz tarix yaza bilərik. Yaxşı irəliləyirik. Məqsədə çatmağa çox az qalıb".

Qeyd edək ki, Azərbaycan Monteneqro oyunu oktyabrın 31-də “Dalğa Arena”da keçiriləcək. Qarşılaşma saat 16:00-da start götürəcək.