Bakı. TurkicWorld:
8 Noyabr Zəfər Bayramı ərəfəsindəyik. Üç il əvvəl bu günlərdə Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymaq üçün xalqımız öz dövləti, Ordusu ətrafında bir yumruq kimi birləşərək, 44 günlük çətin, ağrılı, eyni zamanda, şərəfli, qürurlu, tariximizə qızıl hərflərlə yazılacaq bir mərhələyə qədəm qoydu. Vətən müharibəsinin ilk günlərindən başlayaraq Azərbaycan Ordusu üstünlüyü ələ aldı, düşmənə ağır zərbələr endirdi. 19-20 sentyabr tarixində isə Azərbaycan dövləti tərəfindən aparılan antiterror əməliyyatları zamanı ölkəmizin suverenliyi tam olaraq bərpa edildi. Ölkəmizin tarixi ərazilərinin işğaldan azad edilməsi zamanı öz həyatlarını Azərbaycanın suverenliyi uğrunda fəda etmiş övladlarını xalqımız heç zaman unutmayacaqdır.
Oktyabrın 24-də, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın xatirəsinə həsr olunmuş növbəti tədbir Siyəzən rayonunda həyata keçirilib. Siyəzən şəhərində yerləşən Şəhidlər xiyabanı rayonun din xadimləri tərəfindən ziyarət olunub, daha sonra Siyəzən şəhər “Cümə” məscidində Şəhidlərimizin əziz ruhlarına dualar oxunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, Siyəzən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Aqil Abdulov, Qafqaz Müsəlmanları İdarəsinin Şabran, Siyəzən və Xızı rayonları üzrə qazısı Cavanşir Əfəndiyev və Siyəzən şəhər “Cümə” məscidinin dini icma sədri Qənimət Pirəliyevin iştirak etdiyi anım mərasimindən sonra şəhid Rəfiyev Seyfəli Musa oğlunun ailəsi ziyarət olunmuşdur.