Qarabağ və Şərqi Zəngəzurda xarici investisiyalı müəssisələrin yaradılması ilə bağlı ciddi addımlar atılıb - Sahib Məmmədov

Qarabağ və Şərqi Zəngəzurda xarici investisiyalı müəssisələrin yaradılması ilə bağlı ciddi addımlar atılıb - Sahib Məmmədov

Bakı. TurkicWorld:

Qlobal İqtisadiyyatda "yaşıllaşma və karbonsuzlaşma" meyilləri qeyri-resurs iqtisadiyyatların inkişafı üçün imkanlar yaradır. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzurun əhəmiyyətli potensialı var və bu potensial xarici investorların marağını cəlb edir. Artıq bu sahədə xarici investisiyalı müəssisələrin yaradılması ilə bağlı ciddi addımlar atılıb.

TurkicWorld xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu" mövzuzunda 3-cü DİM Dialoqunda deyib.

"Ancaq azad edilmiş torpaqların reabilitasiyasına mane olan əsas məqam bu ərazilərin minalanmasıdır. Məhz bu amil bu ərazilərdə iqtisadi dirçəlişin əsasını təşkil edən çoxistiqamətli layihələrin həyata keçirilməsi prosesini ləngidir.

Təsadüfi deyildir ki, cənab Prezident tərəfindən minatəmizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi təşəbbüsü irəli sürülüb. Bu istiqamətdə 18-ci Dayanıqlı İnkişaf Məqsədinin layihəsi hazırlanaraq, yerli və beynəlxalq ictimaiyyətə təqdim edilib. 18-ci DİM 5 hədəf və 15 göstəricidən ibarətdir. Bu hədəflər ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, bu istiqamətdə xərclərin artırılması, torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə və iqtisadi fəaliyyətə cəlb olunması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, o cümlədən, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsidir",- deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, Bakıda "2023-cü il Qlobal DİM Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu" üzrə Üçüncü DİM Dialoqu keçirilir.

"DİM Dialoqu"na, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Azərbaycan Ali Audit Qurumu və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi həmsədrlik edəcək.