Şuşada ilk yaşayış kompleksi bu ilin sonunda hazır olacaq

Şuşada ilk yaşayış kompleksi bu ilin sonunda hazır olacaq

Bakı. TurkicWorld:

Şuşa şəhərində ilk yaşayış kompleksinin inşası bu ilin sonunda yekunlaşacaq.

TurkicWorld xəbər verir ki, bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Bakıda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda bildirib.

"Bundan sonra qısa müddətdə biz ilk olaraq 400-ə yaxın ailənin Şuşaya köçürülməsini təmin edəcəyik. Amma gələn il daha 17 binadan ibarət yaşayış kompleksinin inşasına başlanılacaq. Prosesin qısa müddətdə yekunlaşmasına çalışacayıq", - deyə o, qeyd edib.

Qeyd edək ki, “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda II Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA2) ikinci günü paytaxt Bakıda keçirilir.

Xatırladaq ki, sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində iştirak edib.

Prezident İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı deyib ki, indiyədək 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiq edilib və 30 kəndin təməli qoyulub.