Ceyhun Bayramov millət vəkilinin vəfatı ilə bağlı başsağlığı verib

Ceyhun Bayramov millət vəkilinin vəfatı ilə bağlı başsağlığı verib

Bakı. TurkicWorld:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov millət vəkili Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.

TurkicWorld xəbər verir ki, bu barədə nazir "X" (tvitter) sosial şəbəkə hesabında paylaşım edib.

"Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, vətənpərvər və xeyirxah əməlləri ilə hər zaman seçilən Qənirə xanım Paşayevanın vaxtsız vəfatı hər birimizi dərindən sarsıtdı. Mərhuma Allahdan rəhmət diləyir və ailəsinə səbr arzu edirəm. Allah rəhmət eləsin!", - deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, ötən gecə millət vəkili Qənirə Paşayeva vəfat edib. Deputat müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.