Son dəqiqə

Azərbaycan İkinci Qarabağ Müharibəsi Anım günü

İkinci Qarabağ müharibəsi şəhidlərinin Anım Gününə hazırlıq işləri yekunlaşıb (FOTO)

Bakı. TurkicWorld:

Sentyabrın 27-də Azərbaycanda İkinci Qarabağ müharibəsi şəhidlərinin Anım Günüdür.

TurkicWorld xəbər verir ki, Anım Gününə hazırlıq işləri yekunlaşıb.

Artıq Bakının küçə və prospektlərində 27 sentyabrla bağlı Vətən müharibəsi barədə şüarlar yazılıb, plakatlar hazırlanıb, binaların eyvanlarından Azərbaycan bayraqları asılıb.

Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.

Vətən Müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.

44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad edib. Bu müddət ərzində ümumilikdə, 5 şəhər, 4 qəsəbə, 286 kənd, çox sayda strateji yüksəkliklər geri qaytarılıb.

Noyabrın 8-də isə 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilib. Bundan sonra Ermənistanın kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmayıb.

Mövzuya görə xəbərlər