Son dəqiqə

OPEC OPEC+ ADA Universiteti

OPEC-in Baş katibi Haysam Əl-Qays ADA Universitetində mühazirə ilə çıxış edib

Bakı. TurkicWorld:

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays ADA Universitetinin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun ənənəvi Qlobal Perspektivlər Mühazirələr Silsiləsi çərçivəsində seminar ilə çıxış edib.

TurkicWorld xəbər verir ki, OPEC Baş katibi səlahiyyəti çərçivəsində Azərbaycana ilk səfərini həyata keçirən Əl-Qays "OPEC, OPEC+ və keçid dövrünü yaşayan dünya" adlı mühazirə ilə ADA Universitetində çıxış edib.

Mühazirə müxtəlif qurumların nümayəndələri, ekspertlər, tədqiqatçılar və tələbələrin iştirakı ilə baş tutub.

Baş katib Əl-Qays mühazirə zamanı qlobal enerji sisteminin daim inkişaf edən dinamikasında OPEC və OPEC+ ölkələrinin oynadığı mühüm roldan danışıb. O, dünyanın enerji tələbatının ödənilməsi ilə emissiyaların azaldılmasının, o cümlədən enerji təhlükəsizliyinin möhkəmlədirilməsi ilə dekarbonizasiya məqsədlərinə nail olunmasının birgə həyata keçirilməli olduğunun zəruriliyini vurğulayıb.

Qlobal enerji tələbatının əhəmiyyətli dərəcədə artmasına baxmayaraq enerji çatışmazlığı probleminin aktual qaldığını bildirən Əl-Qays yeni enerji siyasətinin uğurla yönləndirilməsində gənc istedadların rolundan bəhs edib. "Enerji sənayesinin dünyamıza verdiyi töhfələri və gələcəyimizin formalaşmasında əvəzsiz rolunu geniş kütlələrə çatdırmalıyıq", - deyə o əlavə edib.

Mühazirədə həmçinin OPEK+ ölkələri və Azərbaycan arasında uğurlu əməkdaşlıqdan söhbət açılıb, Azərbaycanın enerji sektoruna verdiyi töhfələr yüksək qiymətləndirilərək bu cür tərəfdaşlıqların təşviqindən əldə edilən qarşılıqlı faydalar qeyd edilib. Mühazirə sual-cavab və müzakirə şəklində davam edib.

Qeyd edək ki, Qlobal Perspektivlər Mühazirələr Silsiləsi ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu tərəfindən mütəmadi qaydada keçirilir və beynəlxalq müstəvidə fəaliyyət göstərən ekspertlərlə birgə bilik mübadiləsini təşviq edir.

Mövzuya görə xəbərlər