Bakı. Trend:
OPEC Fondu Türkiyədə Orta Dəhlizin natamam dəmir yolu hissəsinin tikintisi üçün 250 milyon dollar vəsait ayırıb.
Bu barədə OPEC Fondunun rəsmi səhifəsində dərc olunan məlumatda bildirilib.
Qeyd olunub ki, OPEC Fondu Asiya ilə Avropa arasında dəmir yolu əlaqəsində çatışmayan halqanın aradan qaldırılmasına yönəlmiş genişmiqyaslı beynəlxalq təşəbbüsə qoşulub. 250 milyon dollar məbləğində kredit İstanbul aqlomerasiyasından yan keçməyə imkan verəcək və Bosfor boğazı üzərindən yüksək ötürücülük qabiliyyətinə malik dəmir yolu əlaqəsini təmin edəcək 127 kilometr uzunluğunda yeni dəmir yolu xəttinin tikintisinə yönəldiləcək.
OPEC Fondu bildirib ki, bu, indiyədək qurumun tarixində ayrılan ən böyük maliyyələşdirmə məbləğidir. Vəsait ümumi həcmi 500 milyon dollaradək olan təsdiqlənmiş maliyyələşdirmə paketinin bir hissəsidir.
Layihə İstanbuldan keçən və dəmir yolu nəqliyyatı ilə xidmət göstərilən üç beynəlxalq ticarət marşrutunda əsas infrastruktur boşluğunu aradan qaldıracaq. Bunlar Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Transxəzər Orta Dəhlizi, Yaxın Şərq və Türkiyə vasitəsilə Asiyanı Avropa İttifaqı ilə dəmir yolu əlaqəsi ilə birləşdirəcək İraqın "İnkişaf Yolu" dəhlizi, eləcə də Türkiyənin beynəlxalq ticarətinin üçdə birini təşkil edən Türkiyə-Aİ dəhlizidir.
Məlumata görə, layihə yükdaşımaların bir hissəsinin avtomobil nəqliyyatından karbon emissiyaları daha az olan elektrikləşdirilmiş dəmir yolu nəqliyyatına yönəldilməsinə imkan verəcək. Eyni zamanda, Avropa, Asiya və Yaxın Şərqi birləşdirən logistika mərkəzi kimi Türkiyənin mövqeyini möhkəmləndirəcək.
OPEC Fondunun məlumatına əsasən, layihəyə ümumilikdə 8,3 milyard dollar investisiya yatırılacaq. Maliyyələşdirməni Dünya Bankının rəhbərlik etdiyi beynəlxalq iştirakçılar qrupu təmin edəcək. Qrupa Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Türkiyə hökuməti daxildir.
İstanbul iki qitədə yerləşən dünyanın ən böyük şəhərlərindən biridir. Hazırda Bosfor boğazı üzərindən dəmir yolu əlaqəsi əsasən sərnişindaşımaları üçün inşa edilmiş "Marmaray" tuneli vasitəsilə təmin olunur. Yük qatarları tuneldən yalnız gecə saatlarının məhdud bir hissəsində istifadə edə bilir. Bu isə boğaz üzərindən dəmir yolu ilə yükdaşımaların illik həcmini təxminən 3 milyon ton səviyyəsində məhdudlaşdırır.
Bu məhdudiyyətin aradan qaldırılması üçün Asiya sahilindəki Çayırova ilə Avropa sahilindəki Çatalca arasında 127 kilometr uzunluğunda yeni elektrikləşdirilmiş dəmir yolu dəhlizi tikiləcək. Bosfor boğazı üzərindən keçid isə "Yavuz Sultan Səlim" körpüsü, başqa sözlə, Üçüncü körpü vasitəsilə həyata keçiriləcək.
Qeyd olunub ki, yeni xətt iki xətli və elektrikləşdirilmiş olacaq, tammiqyaslı siqnalizasiya sistemi ilə təchiz ediləcək və həm sərnişin, həm də yük daşımaları üçün nəzərdə tutulacaq. Layihə nəticəsində Bosfor boğazı üzərindən dəmir yolu ilə yükdaşımaların illik ötürücülük qabiliyyəti 50 milyon tona çatacaq.
Yeni dəmir yolu xətti İstanbulun həddindən artıq yüklənmiş mərkəzi hissəsindən yan keçməyə, həmçinin İstanbul və Sabiha Gökçen hava limanlarını bir-biri ilə və ölkənin milli dəmir yolu şəbəkəsi ilə birləşdirməyə imkan verəcək.
Çayırova-Çatalca marşrutu üzrə yükdaşımaların müddəti təxminən 13 saatdan 3,6 saata qədər azalacaq. İki hava limanı arasında ictimai nəqliyyatla səfər müddəti isə təxminən 2 saatdan 65 dəqiqəyə enəcək.
OPEC Fondu Türkiyə Respublikası ilə ilk kredit sazişini 1979-cu ildə imzalayıb. Bu günədək Fond nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, səhiyyə, energetika və digər sahələrdə layihələrin maliyyələşdirilməsi üçün ümumilikdə təxminən 850 milyon dollar vəsaitin ayrılmasını təsdiqləyib.
Fondun son kredit sazişləri ərzaq təhlükəsizliyinin təmin edilməsi və iqlim dəyişikliyinə davamlılığın artırılması kimi aktual inkişaf məsələlərinin həllinə də yönəlib.
Qeyd edək ki, Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən, Mərkəzi Asiya ölkələri, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçən nəqliyyat-ticarət marşrutudur.
Marşrut Çindən başlayaraq Mərkəzi Asiya ölkələrindən keçir, daha sonra Xəzər dənizini aşaraq Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxır. Orta Dəhliz Çin də daxil olmaqla Asiyanın şərq bölgələri ilə Avropa bazarları arasında əlaqəni təmin edən, ənənəvi Şimal və Cənub nəqliyyat dəhlizlərinə alternativ marşrut kimi nəzərdən keçirilir.







