Hesab edirəm ki, 14 may prezident və parlament seçkilərində qələbə yenə AK partiyasının olacaq - Elşad Mirbəşiroğlu

Hesab edirəm ki, 14 may prezident və parlament seçkilərində qələbə yenə AK partiyasının olacaq - Elşad Mirbəşiroğlu

Bakı TurkicWorld

Hesab edirəm ki, 14 may prezident və parlament seçkilərində qələbə yenə AK partiyasının olacaq. Bunu əsaslandırmaq üçün kifayət qədər element mövcuddur.

TurkicWorld xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu deyib.

O, Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti zamanı Türkiyənin iqtisadi sahədə inkişaf və siyasi sahədə müstəqillik qazanmasından bəhs edib:

"R. Ərdoğanın AK partiya rəhbərliyi dövründə Türkiyə böyük inkişaf yolu keçib. Hələ 2000-ci illərin əvvəlində Türkiyənin xarici bazarlara mal ixracı təxminən 34-35 mlrd $ təşkil edirdisə, bugün bu rəqəm 250 mlrd $-dan çoxdur. Dünya mal bazarlarında Türkiyə istehsalı olan məhsulların ixrac payı 1%-a bərabər olması, həm də Türkiyə müstəqilliyini şərtləndirən vacib amillərdəndir, çünki türk bazarı 2000-ci illərə kimi idxaldan asılı olan ölkə idi. Bu amil ölkə siyasətinə də təsir edərək, xarici istehsaldan tələbatı azaldaraq, ölkənin daha müstəqil davranmasını şərtlendirmiş oldu".

Deputat Türkiyənin R.T.Ərdoğanın hakimiyyəti illərində hərbi sənayesindəki uğurlarından bəhs edərək, hərbi gücə görə NATO ölkələri arasında ikinci yeri tutan Türkiyənin KIZILELMA, Bayraktar döyüş təyyarəsi kimi texnikasının önəmini vurğulayaraq, bu texnikaların hərbi sənayesinin inkişafında xüsusi rol oynadığını deyib.

"Türkiyə seçkiləri bütün dünyanın diqqət mərkəzində olduğu üçün geosiyasi seçki adlandırıla bilər. Bu seçkilərdən dünya vəziyyəti çox asılıdır, hazırda cərəyan edən siyasi proseslərin, münaqişələrin 80%-nın qardaş Türkiyəyə təsiri var və ya Türkiyə həmin proseslərin içindədir. R.Ərdoğan böyük ustalıqla manevr edərək ölkəsini uğurla müdafiə etməyi bacarmışdır. Qərb əlindən gələni edəcəkdir ki, onun opponentlərini dəstəkləsin ve indiki iqtidara son versin, çünki Qərb, Türkiyənin müstəqil siyasətini həzm edə bilmir", - deyə M.Elşad qeyd edib.

Deputat Türkiyə seçkilərinin islam dünyasına olan təsirini də vurğulayaraq, Rəcəb Tayyib Ərdoğanın qələbə qazanacağı halda, Mərkəzi Asiyada türk kimliyi üzərindən, yaxın Şərqdə islam həmrəyliyi üzərindən əməkdaşlığın daha da inkişaf edəcəyini ve möhkəmlənəcəyini bildirib.

Sonda millət vəkili bu uğurların R.T. Ərdoğanın hakimiyyəti dovründə Türkiyənin qazanmış olduğu uğurların kiçik bir qismi olduğunu bildirərək Türkiyə xalqının indiki iqtidarın inkişaf yolununun dəstəklənməsinə səs verəcəyinə ümid etdiyini deyib.

Amaliya İsmayılova

Twitter: @IsmailovAmaliya