Azərbaycan XİN Beynəlxalq Ədalət Məhkəməsinin qərarına münasibət bildirib

Azərbaycan XİN Beynəlxalq Ədalət Məhkəməsinin qərarına münasibət bildirib

Bakı. TurkicWorld:

Azərbaycan Xarici İşlər Nazirliyi İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işlərində Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarına münasibət bildirib.

Bu barədə TurkicWorld Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verib.

"Məhkəmənin 7 dekabr 2021-ci il tarixli qərarına uyğun olaraq, Ermənistanın tərəflərin mübahisəsini gərginləşdirməkdən çəkinmək barədə hələ də öhdəlik daşıdığının Məhkəmə tərəfindən bir daha təsdiq edilməsini alqışlayırıq.

Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərin tətbiq dairəsinə uyğun olmamasına dair əvvəl gəldiyi nəticəyə yenidən baxılmaması mahiyyət üzrə qərar deyil və Azərbaycan Ermənistanın bu xüsusda məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək.

Həmçinin Azərbaycan tərəfindən etirazların “təşkili və dəstəkləməsini dayandırması” və Qarabağa “təbii qaz və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməsi” iddiaları ilə bağlı Ermənistanın müvəqqəti tədbirlər tələblərinin Məhkəmə tərəfindən rədd edilməsini alqışlayırıq.

Məhkəmə öz qərarında Azərbaycanın səlahiyyətləri daxilində Laçın yolu boyunca təhlükəsiz hərəkəti təmin etmək üçün sərəncamında olan bütün addımları atdığı və atacağına dair, habelə 10 Noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirdiyi barədə Azərbaycanın səylərini nəzərə alıb.

Azərbaycan beynəlxalq hüquq çərçivəsində əhalisinin hüquqlarını müdafiə etməyə və Ermənistanı davamlı olaraq ağır insan haqları pozuntularına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcək", - deyə XİN bildirib.