Sevil Mikayılova

Kəlbəcər: Tarixi qayıdışdan Böyük Qayıdışa uzanan Zəfər yolu

25 noyabr Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Kəlbəcərin 27 illik işğaldan sonra doğma Vətənə qovuşmasının, tarixi ədalətin bərpasının və Qarabağda yeni quruculuq mərhələsinin başlanmasının rəmzidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər şəhəri günü kimi təsis edilib. Bu gün Kəlbəcər təkcə azad edilmiş ərazi deyil, həm də Azərbaycanın hərbi-siyasi qələbəsinin, dövlət iradəsinin və Böyük Qayıdış strategiyasının mühüm nümunələrindən biridir.

Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər özünəməxsus təbiəti, zəngin yeraltı və yerüstü sərvətləri, qədim tarixi və mədəni irsi ilə seçilir. Kiçik Qafqazın yüksək dağlıq ərazisində yerləşən rayonun ən hündür zirvələri Camışdağ dağındakı 3724 metrlik zirvə və 3616 metr yüksəklikdə yerləşən Dəlidağdır. Ərazinin böyük hissəsinin meşələrlə örtülməsi, dağ çayları, mineral su mənbələri və əlverişli təbii şəraiti Kəlbəcəri Azərbaycanın ən fərqli coğrafi məkanlarından birinə çevirir. Kəlbəcərin tarixi isə onun müasir inzibati sərhədlərindən xeyli qədimə gedib çıxır. Toponimin mənşəyi qədim türk dilində "çay üstündə qala" mənası ilə əlaqələndirilir. Yaşayış məntəqəsinin yerləşdiyi qayalıqlarda Tərtər çayı boyunca sıralanan qədim süni mağaralar mövcuddur. Rayon ərazisində 30 min ildən artıq tarixə malik yaşayış məskənlərinin, 6 min il yaşı olan qaya təsvirlərinin və qədim türk əlifbası nümunələrinin aşkar edilməsi bu ərazinin qədim sivilizasiya məkanlarından biri olduğunu göstərir.
Kəlbəcərdəki daş abidələr müxtəlif tarixi dövrlərin izlərini özündə yaşadır. Onlar Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən etibarən isə İslamın yayıldığı mərhələlərə aid zəngin tarixi-mədəni irsin nümunələridir. Xüsusilə Xudavəng monastır kompleksi və digər tarixi abidələr bölgənin mədəni irsinin əhəmiyyətini bir daha ortaya qoyur. 1930-cu ildə inzibati rayon statusu alan Kəlbəcərin ərazisi 3054 kvadratkilometrdir. İşğala qədər rayonda 1 şəhər, 1 qəsəbə və 145 kənd mövcud olub. Həmin dövrdə əhalinin sayı 53 min 478 nəfər təşkil edib. Bu göstəricilər Kəlbəcərin həm ərazi, həm də demoqrafik baxımdan Azərbaycanın mühüm rayonlarından biri olduğunu təsdiqləyir.

Kəlbəcər 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu hadisə Azərbaycanın müstəqillik tarixinin ən ağır faciələrindən biri olmaqla yanaşı, bölgənin demoqrafik, sosial-iqtisadi və mədəni həyatına ciddi zərbə vurub. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. Rayonun əhalisi doğma torpaqlarını tərk etməyə məcbur qalıb və Azərbaycanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşıb. Bir vaxtlar özünəməxsus həyat tərzi, təsərrüfatı və sosial infrastrukturu olan Kəlbəcər əhalisinin böyük hissəsi uzun illər məcburi köçkün həyatı yaşayıb. İşğal nəticəsində rayonun tarixi-mədəni irsinə, təhsil, səhiyyə və digər sosial infrastrukturlarına da ciddi ziyan vurulub. Onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibb məntəqəsi, 23 ambulatoriya və 9 aptek talan edilib, dağıdılıb və yararsız vəziyyətə salınıb. Minlərlə yaşayış evi, inzibati bina, avtomobil və texnika məhv edilib, rayonun təbii sərvətləri və iqtisadi potensialı talan olunub. Beynəlxalq ictimaiyyət isə həmin dövrdə baş verənlərə baxmayaraq, işğalın aradan qaldırılması istiqamətində effektiv addımlar ata bilməyib. BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı qətnamə ilə işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb etmişdi. Lakin bu qətnamənin icrası təmin olunmadı. Bununla yanaşı, 1999-cu ildən etibarən Kəlbəcər ərazisində qeyri-qanuni məskunlaşdırma siyasətinin həyata keçirilməsinə başlanıldı. Beləliklə, Ermənistanın işğal siyasəti yalnız Azərbaycan torpaqlarının hərbi nəzarətdə saxlanılması ilə məhdudlaşmadı, həm də bölgənin demoqrafik və tarixi mənzərəsinin dəyişdirilməsinə yönəldi.
2020-ci ildə başlanan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində düşmənin müdafiə sistemi yarıldı, strateji yüksəkliklər nəzarətə götürüldü və Ermənistan silahlı qüvvələrinin hərəkət imkanları ciddi şəkildə məhdudlaşdırıldı. Kəlbəcər istiqaməti də hərbi-strateji baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Vətən müharibəsinin ilk günlərində Azərbaycan Silahlı Qüvvələri Kəlbəcərin şimal hissəsində bir sıra strateji yüksəklikləri azad edərək Ermənistan silahlı qüvvələrinin bu istiqamətdə hərəkətini əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdı. Bu, Basarkeçər-Kəlbəcər yolundan istifadənin qarşısının alınmasına və Ermənistan ordusunun hərbi imkanlarının zəiflədilməsinə gətirib çıxarmışdı.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Kəlbəcərin Azərbaycana qaytarılması üçün hüquqi-siyasi əsas yaratdı. Bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 25-də Kəlbəcər rayonu, o cümlədən şəhər və 147 yaşayış məntəqəsi Azərbaycana təhvil verildi. Beləliklə, 27 ildən artıq davam edən işğala son qoyuldu. Kəlbəcərin azad edilməsi Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin mühüm nəticələrindən biri olmaqla yanaşı, bölgədə yeni geosiyasi və hərbi-strateji reallıqların formalaşmasına da təsir göstərdi.

Rayonun boşaldılması zamanı Ermənistanın qeyri-qanuni məskunlaşmış sakinlərinin evləri, meşələri və digər mülki obyektləri yandırması isə işğal dövründə olduğu kimi, ərazinin tərk edilməsi prosesində də dağıdıcı davranışların davam etdiyini göstərdi. Bu hadisələr Kəlbəcərin sosial-iqtisadi və ekoloji mühitinə əlavə zərər vurdu. 2020-ci il noyabrın 26-da "Kəlbəcərin azad olunmasına görə" medalı təsis edildi. Prezident İlham Əliyevin sərəncamları ilə rayonun azad edilməsi uğrunda döyüşlərdə iştirak etmiş və şəxsi igidlik nümayiş etdirmiş 9455 hərbi qulluqçu bu medalla təltif olundu.

Kəlbəcərin azad edilməsindən sonra qarşıda duran əsas vəzifə uzun illər dağıdılmış və infrastrukturu məhv edilmiş rayonun yenidən qurulması, əhalinin doğma torpaqlarına qayıdışının təmin edilməsi idi. Bu istiqamətdə dövlət tərəfindən genişmiqyaslı layihələrin icrasına başlanıldı. Prezident İlham Əliyev 2021-ci il avqustun 16-da azad edilmiş Kəlbəcərə ilk səfərlərindən birini həyata keçirdi. Səfər çərçivəsində Ömər aşırımı ilə tanışlıq, Murovdağ tunelinin təməlqoyma mərasimi, "Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyasında görülən işlərə baxış və 110/35/10 kV-luq "Kəlbəcər" yarımstansiyasının açılışı baş tutdu. Dövlət başçısı Kəlbəcər şəhərində Azərbaycan bayrağını ucaltdı, hərbi hissədə yaradılmış şəraitlə tanış oldu, dağıdılmış "İstisu" sanatoriyasına baxış keçirdi və arıçılarla görüşdü. Sonrakı illərdə də Prezidentin Kəlbəcərə mütəmadi səfərləri bərpa və quruculuq prosesinin ardıcıl şəkildə davam etdirildiyini göstərdi. 2022-ci ilin iyunun 26-da "Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyasının açılışı, "İstisu" mineral su zavodunun təməlqoyma mərasimi, Kəlbəcər şəhərinin Baş planı ilə tanışlıq və İşğal və Zəfər muzeyləri kompleksinin təməlinin qoyulması bu prosesin mühüm mərhələləri oldu. 2023-cü ildə Yanşaq və Zallar kəndlərinin təməlləri qoyuldu, Zar kəndində tikinti işlərinə başlanıldı, bir sıra kiçik su elektrik stansiyaları istifadəyə verildi. Eyni zamanda Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin və məktəb binasının təməli qoyuldu. 2024-cü ilin sentyabrında isə Kəlbəcərdə yeni infrastruktur layihələrinin icrası davam etdirildi. "Yuxarı Vəng" Su Elektrik Stansiyasının açılışı, "İstisu" mineral su zavodunun istifadəyə verilməsi, Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlinin qoyulması və İstisu qəsəbəsinin yenidən qurulması istiqamətində görülən işlər diqqət çəkdi. 2025-ci il avqustun 21-də Prezident İlham Əliyevin Kəlbəcərə növbəti səfəri zamanı şəhərdə yeni yaşayış komplekslərinin təməlləri qoyuldu, şəhər parkının tikintisinə başlanıldı, "Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası" açıldı. Dövlət başçısı Kəlbəcər sakinləri ilə görüşərək yeni mənzillərin açarlarını təqdim etdi. Səfər çərçivəsində "Aşağı Vəng", "Nadirxanlı" və "Çaykənd" kiçik su elektrik stansiyaları da istifadəyə verildi.
Kəlbəcərin yenidən qurulmasında mühüm sənədlərdən biri şəhərin 2040-cı ilədək inkişafına dair Baş plandır. Nazirlər Kabinetinin 2024-cü il mayın 1-də qəbul etdiyi qərarla təsdiqlənən sənəd şəhərin gələcək inkişafının əsas istiqamətlərini müəyyən edir. 1969-cu ildə hazırlanmış son Baş plana əsasən, Kəlbəcər şəhərinin ərazisi 130 hektar, əhalisinin sayı isə 7500 nəfər nəzərdə tutulmuşdu. Yeni inkişaf konsepsiyasına uyğun olaraq, 2040-cı ilədək şəhərin ərazisinin təxminən 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması planlaşdırılır. Baş plana əsasən, şəhərdə 4250 mənzilin tikilməsi və əhalinin adambaşına 25 kvadratmetr yaşayış sahəsi ilə təmin olunması nəzərdə tutulur. Yaşayış fondunun əsas hissəsini fərdi evlər təşkil edəcək. Bununla yanaşı, şəhərin mərkəzində çoxmənzilli yaşayış və inzibati binalar inşa olunacaq. Sosial infrastruktur da diqqətdən kənarda qalmayıb. Plana əsasən, Kəlbəcərdə 4 məktəb, 4 uşaq bağçası, 2 xəstəxana, reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri, mehmanxanalar, ictimai-iaşə obyektləri və idman meydançaları yaradılacaq. Şəhərin ekoloji mühitinin qorunması da Baş planın əsas istiqamətlərindəndir. Ümumi ərazinin 22 faizinin yaşıllıq sahələrindən ibarət olması, 60 hektardan artıq ərazidə parkların və yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur. Bu göstərici adambaşına 33 kvadratmetr yaşıllıq sahəsi deməkdir. Nəqliyyat infrastrukturu da müasir şəhərsalma prinsipləri əsasında qurulacaq. Şəhərdə 27 kilometrdən artıq avtomobil yolu və 22 kilometr velosiped yolu salınması planlaşdırılır.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış proqramının əsas məqsədi keçmiş məcburi köçkünlərin təhlükəsiz və dayanıqlı şəkildə doğma torpaqlarına qayıtmasını təmin etməkdir. Kəlbəcərdə də bu istiqamətdə yaşayış komplekslərinin və kəndlərin yenidən qurulması davam edir. Şəhərdə 524 ailə üçün nəzərdə tutulan yaşayış məhəlləsinin inşası bu baxımdan mühüm layihələrdəndir. 19,5 hektar ərazidə salınan kompleksin birinci mərhələsində 201 ailənin məskunlaşması üçün yaşayış binaları və fərdi evlər inşa edilib. İkinci mərhələdə isə daha 323 ailənin köçürülməsi nəzərdə tutulur. Kompleksdə çoxmənzilli yaşayış binaları ilə yanaşı, "townhouse" tipli evlər də tikilir. Ərazidə parkların, istirahət guşələrinin, sosial-məişət obyektlərinin, uşaq oyun və idman meydançalarının yaradılması planlaşdırılır. Kəlbəcər rayonunun kəndlərinin yenidən qurulması da paralel şəkildə həyata keçirilir. Yanşaq kəndində ümumilikdə 421 ailənin, Zallar kəndində 487 ailənin, Zar kəndində isə 855 ailənin məskunlaşdırılması nəzərdə tutulur. Hər üç yaşayış məntəqəsində fərdi evlərlə yanaşı, məktəb və uşaq bağçalarının tikintisi də planlaşdırılıb. 2026-cı il noyabrın 6-dək Kəlbəcər rayonunda 162 ailə olmaqla 681 nəfər məskunlaşıb. Bu rəqəmlər Böyük Qayıdış prosesinin davam etdiyini və uzun illər doğma yurdlarından ayrı düşmüş insanların mərhələli şəkildə öz evlərinə qayıtdığını göstərir.
Kəlbəcərin yenidən qurulması yalnız yaşayış evlərinin və sosial obyektlərin inşası ilə məhdudlaşmır. Rayonun zəngin iqtisadi potensialından istifadə, enerji təhlükəsizliyinin gücləndirilməsi, turizmin inkişafı və yeni iş yerlərinin yaradılması da əsas prioritetlər sırasındadır. Bu baxımdan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun xüsusi əhəmiyyəti var. Uzunluğu 82 kilometr olan yolun tikintisi bölgənin nəqliyyat əlçatanlığını əhəmiyyətli dərəcədə artıracaq. Layihə çərçivəsində ümumi uzunluğu 25,9 kilometr olan beş tunelin inşası nəzərdə tutulub. Yolun ən mühüm hissələrindən biri Murovdağ tunelidir. Uzunluğu 11,7 kilometr olan tunel Kəlbəcərə gediş-gəlişi daha rahat və təhlükəsiz edəcək. Layihənin tam reallaşması bölgənin digər rayonlarla nəqliyyat əlaqələrinin möhkəmlənməsinə və turizm potensialının inkişafına da töhfə verəcək. Kəlbəcərin enerji potensialının istifadəsi də diqqət mərkəzindədir. Rayonda bir neçə kiçik su elektrik stansiyası yenidən qurulub və yeni stansiyalar tikilib. "Çıraq-1", "Çıraq-2", "Soyuqbulaq", "Meydan", "Aşağı Vəng", "Nadirxanlı" və "Çaykənd" stansiyaları bu istiqamətdə görülən işlərin nümunələridir. Bu layihələr bölgənin elektrik enerjisi ilə təminatına, eyni zamanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə xidmət edir. Kəlbəcərin ən böyük təbii sərvətlərindən biri isə mineral su ehtiyatlarıdır. Xüsusilə "İstisu" mineral suyu uzun illərdir Azərbaycanın tanınmış təbii sərvətlərindən hesab olunur. Dəniz səviyyəsindən 1600 metrdən artıq yüksəklikdə yerləşən termal su yataqlarından əldə edilən su təbii halda 60 dərəcədən yüksək temperaturda çıxır. 2022-ci il iyunun 26-da təməli qoyulan "İstisu" mineral su zavodunun tikintisi 2024-cü ildə başa çatdırılıb. Müəssisənin illik istehsal gücü 100 milyon şüşədən artıqdır. Zavodda təxminən 100 nəfər işlə təmin edilib və əməkdaşların əksəriyyətini Kəlbəcər və Laçın rayonlarının sakinləri təşkil edir. Bununla yanaşı, "İstisu" Müalicə-İstirahət Kompleksinin yenidən qurulması da bölgənin turizm potensialının reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Ümumi sahəsi 80 min kvadratmetr nəzərdə tutulan kompleksdə hotel, kotteclər və inzibati binalar inşa edilir. Burada mineral sularla müalicə, palçıq terapiyası və iqlim müalicəsi xidmətlərinin göstərilməsi planlaşdırılır. Bu layihələrin həyata keçirilməsi Kəlbəcərin gələcəkdə Azərbaycanın mühüm turizm, sağlamlıq və istirahət mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar yaradır.
Kəlbəcərin azad olunmasından ötən müddət ərzində rayonda həyata keçirilən layihələr göstərir ki, dövlətin qarşısında duran əsas məqsəd yalnız əraziyə nəzarəti bərpa etmək deyil, həm də burada müasir yaşayış və iqtisadi inkişaf mühiti formalaşdırmaqdır. Bu gün Kəlbəcərdə yollar çəkilir, tunellər inşa olunur, yaşayış məhəllələri salınır, məktəblər, xəstəxanalar və digər sosial obyektlər tikilir. Eyni zamanda bölgənin təbii sərvətləri iqtisadi dövriyyəyə qaytarılır, enerji və turizm infrastrukturu yaradılır, sakinlərin doğma yurdlarına qayıdışı təmin edilir. 25 noyabrın Kəlbəcər şəhəri günü kimi qeyd olunması da məhz bu tarixi prosesin rəmzi mahiyyətini ifadə edir. Bu tarix bir tərəfdən 1993-cü ildə yaşanan faciənin və uzun illər davam edən məcburi köçkünlük həyatının yaddaşda saxlanılması, digər tərəfdən isə 2020-ci ildə əldə edilən Zəfərin nəticələrinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.Kəlbəcər artıq müharibənin və işğalın yaratdığı dağıntılarla deyil, yeni yolları, yaşayış kompleksləri, enerji layihələri, turizm imkanları və doğma torpaqlarına qayıdan insanları ilə gündəmə gəlir. Bu mənada Kəlbəcərin hekayəsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq siyasətinin, tarixi torpaqlara qayıdışın və milli iradənin təcəssümüdür. 25 noyabr – Kəlbəcərin azadlıq, qayıdış və yenidən doğuluş günüdür.

Sevil Mikayılova
Milli Məclisin deputatı

Mövzuya görə xəbərlər