BAKI,TurkicWorld
Azərbaycanın Asiya Parlament Assambleyasına (APA) sədrliyi dövründə əsas məqsədlərindən biri Assambleyanın institusional imkanlarının gücləndirilməsi və Asiyada parlamentlərarası dialoq platforması kimi rolunun möhkəmləndirilməsi olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniya Birləşmiş Respublikasında Parlamentlərarası İttifaqın 153-cü Assambleyasında iştirak çərçivəsində APA-nın koordinasiya iclasında çıxışı zamanı deyib.
Sahibə Qafarova Azərbaycanın 2024-cü ilin fevralında APA-ya sədrliyi qəbul edərkən qarşıya qoyulan məqsədlər sırasında Assambleyanın fəaliyyətinin daha səmərəli təşkilinin də yer aldığını bildirib.
Onun sözlərinə görə, Azərbaycanın sədrliyi dövründə APA-nın institusional inkişafı istiqamətində mühüm addımlar atılıb, Assambleya Bürosunun fəaliyyəti canlandırılıb.
Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan sədrliyi dövründə 4 koordinasiya görüşü təşkil olunub. Bu görüşlər ümumi maraq doğuran beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılmasına, mövqelərin əlaqələndirilməsinə və APA-nın daha geniş parlamentlərarası gündəmlə əlaqələrinin möhkəmləndirilməsinə imkan yaradıb.
Sahibə Qafarova APA ilə digər parlament təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsinin də Azərbaycanın sədrliyi dövründə prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.
Spiker parlamentlərarası çoxtərəfli əməkdaşlığın əhəmiyyətindən danışaraq parlamentlərin qlobal qərarların qəbulunda rolunun gücləndirilməsinin və regional parlament təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
O, dayanıqlı inkişafın təmin olunmasında inklüzivliyin, qadınların, gənclərin və təmsil olunmayan qrupların parlamentlərarası proseslərdə fəal iştirakının əhəmiyyətini diqqətə çatdırıb.
Milli Məclisin sədri bildirib ki, parlamentlərarası əməkdaşlıq müxtəlif mövqelərin eyni platformada ifadə olunmasına və fikir ayrılıqlarına baxmayaraq dialoqun davam etdirilməsinə imkan yaratmalıdır.
Onun sözlərinə görə, səmərəli əməkdaşlıq qarşılıqlı dinləmə, məsləhətləşmə, fərqli baxışlara hörmət və praktiki həll yollarının tapılması üzərində qurulmalıdır.
Sahibə Qafarova çıxışının sonunda APA çərçivəsində son iki il ərzində əldə olunan təcrübənin müxtəlif regionlar, mədəniyyətlər və siyasi baxışlar arasında əməkdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirdiyini bildirib.







