BAKI,TurkicWorld
Növbəti CAMCA forumu iyun ayında Pakistanda keçiriləcək.
Bunu cümə axşamı Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda CAMCA-nın icraçı direktoru Tamar Kekenadze deyib.
Onun sözlərinə görə, Bakı forumu başa çatdıqdan sonra növbəti tədbirə hazırlıqlara başlanacaq.
"Ümid edirəm ki, sabah forumu başa vurduqdan və iyun ayında Pakistanda keçiriləcək növbəti forumun hazırlıqlarına başladıqdan sonra bizi çox məhsuldar bir il gözləyir", - deyə T.Kekenadze bildirib.
CAMCA-nın icraçı direktoru Bakı forumunun iştirakçılar üçün yeni əlaqələr qurmaq və əməkdaşlıq imkanları yaradacağına ümid etdiyini bildirib.
"Dostlarımızın və iştirakçılarımızın dəstəyi sayəsində şəbəkəmizin üzvlərinin sayı artıb və hazırda 350 nəfəri ötür", - deyə o qeyd edib.
T.Kekenadzenin sözlərinə görə, CAMCA Regional Forumu təkcə şəbəkə üzvlərinə deyil, həm də regionun ümumi gələcəyi ilə maraqlanan digər şəxslərə əlaqələr qurmaq imkanı verir.
"Bu forum həmçinin CAMCA üzvü olmayan insanlar üçün başlanğıc nöqtəsidir. CAMCA-ya üzvlük üçün yaş məhdudiyyəti var, buna görə də hər kəsi şəbəkəyə qəbul edə bilmirik. Məhz buna görə bu forumu yaratdıq ki, dostluq və əlaqələri təkcə bu 10 ölkə arasında deyil, onların hüdudlarından kənarda da möhkəmləndirməyə davam edək", - deyə o vurğulayıb.
CAMCA-nın icraçı direktoru forumun məhsuldar keçəcəyinə və iştirakçılar arasında əlaqələrin qurulmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.







