Son dəqiqə

20 Sentyabr - Dövlət Suverenliyi Günü

Suverenliyə gedən yol: 30 illik işğaldan tarixi Zəfərə

Bakı. TurkicWorld:

Azərbaycanda 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi yalnız bir tarixi hadisənin təqvimdə rəsmiləşdirilməsi deyil, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpasına aparan mürəkkəb siyasi, diplomatik və hərbi prosesin yekun mərhələsinin dövlət səviyyəsində ifadəsidir. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı Sərəncamda da bu tarixə aparan yol Ermənistanın 30 ilə yaxın davam edən işğal siyasəti, beynəlxalq mexanizmlərin nəticəsizliyi, 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı kontekstində təqdim olunur.

Beynəlxalq hüquq var idi, lakin icra mexanizmi işləmədi

1990-cı illərin əvvəllərindən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal edildi və bu ərazilər təxminən 30 il ərzində Azərbaycanın suveren hüquqlarından kənarda qaldı. Həmin dövrdə beynəlxalq hüququn tələblərinin təmin edilməsi üçün mövcud olan mexanizmlər faktiki nəticə vermədi. Xüsusilə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasını tələb edən qətnamələrinin uzun müddət icrasız qalması bu vəziyyətin əsas göstəricilərindən biri kimi təqdim edilirdi. Prezident İlham Əliyev sonrakı çıxışlarında da vurğulayıb ki, Azərbaycan həmin qətnamələrin icrasını nəticə etibarilə özü təmin edib.

Bu mənzərədə ATƏT-in Minsk Qrupunun fəaliyyəti də xüsusi yer tutur. Qrup 1992-ci ildə münaqişənin həlli məqsədilə yaradılmışdı, lakin təxminən üç onillik ərzində işğala son qoyulması istiqamətində nəticə əldə edilmədi. Azərbaycan rəhbərliyinin illər ərzində əsas tələbi status-kvonun dəyişdirilməsi, işğal olunmuş ərazilərin azad edilməsi və beynəlxalq hüququn ərazi bütövlüyü prinsipinin təmin olunması olub. Prezident İlham Əliyev sonradan Minsk Qrupunun fəaliyyətini nəticəsiz hesab etdiyini açıq şəkildə bildirib.

Azərbaycanın rəsmi mövqeyində daha ciddi məsələ isə işğalın yalnız ərazi nəzarəti ilə məhdudlaşmaması idi. Ermənistanda və işğal olunmuş Azərbaycan ərazilərində azərbaycanlılara qarşı etnik təmizləmənin həyata keçirildiyi, insanlıq əleyhinə və hərbi cinayətlərin törədildiyi, şəhər və kəndlərin dağıdıldığı, təbii sərvətlərin talan edildiyi və Xocalı soyqırımının baş verdiyi bildirilirdi. Prezidentin 2024-cü il Sərəncamında da bu faktlar Azərbaycanın suverenliyinin bərpasına aparan tarixi kontekstin mühüm hissəsi kimi qeyd olunur.

Beləliklə, Azərbaycan üçün məsələ sadəcə müharibə nəticəsində müəyyən ərazilərin itirilməsi deyildi. Söhbət beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində dövlət hakimiyyətinin uzun müddət həyata keçirilə bilməməsindən, yüz minlərlə insanın öz doğma yurdlarından didərgin düşməsindən və beynəlxalq hüququn qəbul etdiyi prinsiplərin praktiki təminatının olmamasından gedirdi.

2020-ci il: diplomatiyanın nəticə vermədiyi yerdə hərbi-siyasi dönüş

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlayan 44 günlük Vətən müharibəsi bu uzunmüddətli prosesdə əsas dönüş nöqtəsinə çevrildi. Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatları nəticəsində işğal altında olan ərazilərin böyük hissəsi azad edildi və Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı imzalamağa məcbur oldu. Prezident İlham Əliyev həmin sənədi sonrakı çıxışlarında Ermənistanın kapitulyasiyası kimi xarakterizə edib.

10 noyabr tarixli Bəyanatın əsas müddəalarından biri Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması idi. Sənəddə Ağdam, Kəlbəcər və Laçının Azərbaycana qaytarılması, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirilməsi, məcburi köçkünlərin qayıdışı və regionda iqtisadi-nəqliyyat əlaqələrinin bərpası da nəzərdə tutulurdu. Sənədin 4-cü bəndində Rusiya sülhməramlı kontingentinin erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel yerləşdirilməsi müəyyən edilmişdi.

Lakin 2020-ci ilin noyabrından sonrakı dövrdə Azərbaycanın əsas narazılıqlarından biri Ermənistan silahlı qüvvələrinin Qarabağ ərazisindən tam çıxarılmaması oldu. Prezident İlham Əliyev müxtəlif görüşlərdə, çıxışlarda və müsahibələrdə bu məsələni dəfələrlə gündəmə gətirdi və Ermənistanın üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsini tələb etdi. 2022-ci ildə də dövlət başçısı Ermənistanın bu öhdəliyi icra etmədiyini açıq şəkildə bildirmişdi.

Atəşkəsdən sonra hərbi hazırlıq və yeni təhlükə

2020-ci ildən sonrakı mərhələ sülhün möhkəmləndirilməsi əvəzinə yeni hərbi təhlükələrin formalaşması ilə müşayiət olunurdu. Müdafiə Nazirliyinin məlumatlarında Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən mövqelərin möhkəmləndirilməsi, səngər və sığınacaqların artırılması, ərazilərin yenidən minalanması, hərbi texnikanın və artilleriya vasitələrinin yerləşdirilməsi barədə məlumatlar yayılıb.

Müdafiə Nazirliyinin sonrakı rəsmi materiallarında daha konkret göstəricilər də açıqlanıb. Bildirilib ki, Ermənistan 2020-ci ildən sonra istehsal edilmiş silah-sursatı, o cümlədən minaları qanunsuz yollarla Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşıyıb. Təmas xətti boyunca uzunluğu 480 kilometrədək olan yeni minalanmış sahələr yaradılıb, 500-dən artıq döyüş mövqeyi və möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtəsi hazırlanıb, müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyi yaradılıb, kəşfiyyat-müşahidə vasitələri quraşdırılıb.

Gərginliyin miqyası təkcə quru ərazilərlə də məhdudlaşmırdı. Müdafiə Nazirliyinin məlumatına əsasən, 2023-cü il sentyabrın 18-də Azərbaycanın hava məkanından uçan sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələr tətbiq edilmişdi. Söhbət sentyabrın 18-də Tbilisi-Bakı marşrutu üzrə uçan AZAL-a məxsus E-190 təyyarəsindən gedirdi və radiomaneələr nəticəsində onun GPS sistemində saat 20:28-dən 20:34-dək fasilə yaranmışdı.

Bundan daha ağır hadisə sentyabrın 19-da baş verdi. Xocavənd rayonu ərazisində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus avtomobil minaya düşdü, daha sonra polis əməkdaşlarının olduğu nəqliyyat vasitəsinin də mina partlayışına məruz qalması nəticəsində insanlar həyatını itirdi. Xarici İşlər Nazirliyi bu hadisələri Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin təxribatlarının davamı kimi təqdim etdi.

Bu hadisələrin fonunda Azərbaycan təxribat-diversiya fəaliyyətinin epizodik deyil, ardıcıl və davamlı xarakter daşıdığını bildirirdi. Müdafiə Nazirliyinin 19 sentyabr tarixli məlumatında da əvvəlki aylarda atəşə tutmaların, ərazilərin minalanmasının, mühəndis istehkamlarının qurulmasının və döyüş hazırlığının artırılmasının müşahidə edildiyi qeyd olunurdu.

19-20 sentyabr: suverenliyin faktiki bərpası

Belə bir şəraitdə 2023-cü il sentyabrın 19-da Azərbaycan Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısını almaq, Ermənistan silahlı qüvvələrinin qalıqlarını və qanunsuz silahlı dəstələri tərksilah etmək, onların Azərbaycan ərazisindən çıxarılmasını təmin etmək və konstitusiya quruluşunu bərpa etmək məqsədilə lokal xarakterli antiterror əməliyyatına başladı. Azərbaycan əməliyyatın məqsədinin ərazi əldə etmək deyil, ölkənin öz ərazisində konstitusiya quruluşunu və dövlət suverenliyini təmin etmək olduğunu bəyan etdi.

Əməliyyat 23 saat ərzində başa çatdı. Qarabağda yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoydu, döyüş mövqelərindən və hərbi postlardan çıxdı, tərksilah edilməyə və Azərbaycan ərazisini tərk etməyə razılaşdı. Bunun ardınca separatçı rejim də özünü buraxdığını elan etdi. Prezident İlham Əliyevin rəsmi səhifəsində bu nəticə ölkənin bütün ərazisində qanunun aliliyinin və dövlət suverenliyinin bərpası kimi qiymətləndirildi.

Prezident İlham Əliyev sonrakı çıxışlarında 2023-cü il əməliyyatının hazırlanmasının əvvəlki hərbi tədbirlərlə əlaqəsini də açıqlayıb. Onun sözlərinə görə, 2020-ci ildən sonra keçirilmiş "Fərrux", "Sarıbaba-Qırxqız" və "Qisas" əməliyyatları nəticəsində strateji yüksəkliklərin nəzarətə götürülməsi 19-20 sentyabr əməliyyatının qısa müddətdə həyata keçirilməsinə imkan yaradan amillərdən biri olub.

Bu mərhələdə Prezident İlham Əliyevin siyasi və hərbi rəhbərliyi paralel istiqamətlər üzrə davam edib: beynəlxalq platformalarda Azərbaycanın mövqeyi izah olunub, müxtəlif dövlətlərin rəhbərləri ilə telefon danışıqları və görüşlər keçirilib, xarici və yerli mediaya müsahibələr verilib, beynəlxalq ictimaiyyətə Azərbaycanın hüquqi arqumentləri çatdırılıb və eyni zamanda Silahlı Qüvvələrin qarşısında konkret hərbi tapşırıqlar müəyyənləşdirilib. Sentyabrın 19-20-də də dövlət başçısının ABŞ, Avropa İttifaqı və digər tərəfdaşlarla təmaslarında Azərbaycanın təhlükəsizlik arqumentləri və baş verən hadisələrin səbəbləri təqdim olunub.

Prezidentin 20 sentyabr 2023-cü il tarixli xalqa müraciətində isə əməliyyatın əsas səbəbləri, mina terroru, Ermənistanın 2020-ci ildən sonra ərazilərə yeni minalar gətirməsi və Azərbaycan ərazisində qanunsuz hərbi mövcudluğun davam etdirilməsi barədə mövqeyi geniş açıqlanıb. Dövlət başçısı Azərbaycanın suverenliyinin həmin əməliyyat nəticəsində bərpa edildiyini bildirib.

Sülhməramlı missiyanın başa çatması və tam suverenlik

2023-cü ilin sentyabr hadisələri ilə Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı dəstələrinin hərbi mövcudluğuna son qoyuldu. Bunun ardınca növbəti mühüm mərhələ Rusiya sülhməramlı kontingentinin də Azərbaycan ərazisini tərk etməsi oldu. 2024-cü il iyunun 12-də Müdafiə Nazirliyi kontingentin şəxsi heyətinin, silah və texnikasının Azərbaycan ərazisini tam tərk etdiyini və çıxarılma prosesinin başa çatdığını açıqladı.

Beləliklə, 2020-ci ildə ərazi bütövlüyünün bərpasına doğru həlledici mərhələ başlandı, 2023-cü ilin sentyabrında Azərbaycan bütün ərazisində dövlət hakimiyyətinin və konstitusiya quruluşunun bərpasını təmin etdi, 2024-cü ilin iyununda isə ölkə ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin çıxarılması tamamlandı. Bu ardıcıllıq Azərbaycanın rəsmi mövqeyində ərazi bütövlüyü ilə dövlət suverenliyinin tam bərpasını tamamlayan proses kimi təqdim olunur.

Məhz buna görə Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-nin Dövlət Suverenliyi Günü elan edilməsi simvolik xarakter daşımır. Sərəncamda açıq şəkildə qeyd edilir ki, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyi təmin olunub və dövlət suverenliyi bərpa edilib. Həmin qərarla tarixi prosesin başlanğıcı deyil, onun nəticəsi dövlət bayramı statusuna yüksəldilib.

Prezident İlham Əliyevin siyasi-diplomatik xəttinin əsas mahiyyəti

Bu prosesin bütün mərhələlərinə nəzər saldıqda Prezident İlham Əliyevin fəaliyyətində bir-birini tamamlayan üç əsas istiqamət görünür: beynəlxalq hüquqa istinad edən diplomatik xətt, milli maraqların beynəlxalq platformalarda ardıcıl müdafiəsi və hərbi imkanların paralel şəkildə gücləndirilməsi. Dövlət başçısının çıxış və müsahibələrində illərlə eyni məzmunlu tezislərin – Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğala son qoyulması, BMT qətnamələrinin icrası və beynəlxalq hüququn təmin olunması – ardıcıl şəkildə gündəmdə saxlanılması bunun göstəricisi olub.

2020-ci il Zəfərindən sonra da Azərbaycan rəhbərliyi diplomatik yolu tamamilə kənara qoymadı. Əksinə, Ermənistanın qoşunlarını Azərbaycan ərazisindən çıxarması, üçtərəfli Bəyanatın şərtlərinin yerinə yetirilməsi və daha sonra sülh müqaviləsinin hazırlanması məsələləri uzun müddət danışıqların əsas mövzularından oldu. Prezident İlham Əliyev dəfələrlə Azərbaycanın sülhə hazır olduğunu, lakin bunun suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həyata keçirilməli olduğunu bildirib.

Bu mənada 2023-cü ilin sentyabr hadisələrini yalnız 24 saatdan az davam edən hərbi əməliyyat kimi nəzərdən keçirmək prosesin mahiyyətini tam əhatə etmir. Həmin əməliyyatın arxasında 30 illik işğalın yaratdığı siyasi reallıq, nəticəsiz beynəlxalq vasitəçilik, 2020-ci il müharibəsindən sonra yaranmış öhdəliklər, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması, yeni hərbi hazırlıq və minalanma, davamlı təxribatlar, eləcə də Prezident İlham Əliyevin illər ərzində beynəlxalq tribunalar, ikitərəfli görüşlər və media müsahibələri vasitəsilə ifadə etdiyi mövqe dayanırdı.

Dövlət Suverenliyi Gününün mahiyyəti də məhz burada ortaya çıxır: Azərbaycan əvvəlcə işğal nəticəsində pozulmuş ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etdi, daha sonra öz ərazisində qalmış qanunsuz silahlı qüvvələrin mövcudluğuna son qoydu və nəhayət, dövlət hakimiyyətinin ölkənin bütün ərazisində tətbiqini təmin etdi. Prezident İlham Əliyevin 2024-cü il Sərəncamı bu mərhələlərin nəticəsini – 2023-cü il sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyinin tam bərpasını – dövlətçilik tarixinin xüsusi günü kimi rəsmiləşdirdi.

Nəticə etibarilə, Azərbaycanın son üç onillikdə keçdiyi yol beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyünün kağız üzərində təsbit olunması ilə onun faktiki təmin edilməsi arasındakı fərqi də nümayiş etdirir. Azərbaycan rəhbərliyinin siyasi xəttinin əsas arqumenti bundan ibarətdir ki, uzun müddət icra olunmayan beynəlxalq qərarlar və nəticə verməyən vasitəçilik prosesi 2020-ci il müharibəsi ilə yeni mərhələyə keçdi, 2023-cü il antiterror əməliyyatı ilə isə ölkənin bütün ərazisində suveren dövlət hakimiyyətinin bərpası təmin edildi. Bu tarixi ardıcıllığın dövlət səviyyəsində ifadəsi isə sentyabrın 20-nin Dövlət Suverenliyi Günü elan olunmasıdır.

Mövzuya görə xəbərlər