Bakı. TurkicWorld:
20 sentyabr 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın müasir iqtisadi tarixində yeni mərhələnin əsasını qoydu.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"20 sentyabr 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın müasir iqtisadi tarixində yeni mərhələnin əsasını qoydu. Saziş ölkəmizin enerji potensialından səmərəli istifadəyə, xarici tərəfdaşlarla əməkdaşlığın və investisiya imkanlarının genişlənməsinə mühüm təkan verdi. Bu tarixi qərarın müəllifi Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni çağırışlara uyğun şəkildə davam etdirilir", - paylaşımda bildirilib.
Qeyd edək ki, bu gün "Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. Azərbaycanın neft-qaz sektorunda mühüm layihələrdən biri olan Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində 1 sentyabr 2026-cı il tarixinədək 628 milyon tondan çox neft və 253 milyard kubmetr qaz hasil edilib.
Məlumata görə, 20 sentyabr 1994-cü ildə 7 ölkədən 11 beynəlxalq neft şirkətinin iştirakı ilə AÇG yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında 30 illik Saziş imzalanıb. İlkin mərhələdə AÇG-dən 500 milyon ton neft hasil edilməsi hədəfi müəyyənləşdirilib.
2017-ci il sentyabrın 14-də AÇG üzrə saziş dəyişdirilərək yenidən işlənib və hasilatın pay bölgüsü haqqında yeni saziş imzalanıb.
Yenilənmiş sazişlə AÇG-nin işlənmə müddəti 2050-ci ilin sonunadək uzadılıb. Eyni zamanda, SOCAR-ın iştirak payı 11,65 faizdən 25 faizə yüksəldilib və Azərbaycana çatacaq mənfəət neftinin payı 75 faiz müəyyən edilib.
2019-cu il aprelin 19-da isə "Azəri-Mərkəzi-Şərqi" (ACE) layihəsi üzrə yekun investisiya qərarı qəbul olunub. ACE platformasından ilk neft 2024-cü il aprelin 16-da hasil edilib. Layihənin istismar müddəti ərzində 300 milyon barel neft hasil edilməsi hədəflənir.
Məlumatda qeyd olunur ki, 2024-cü il sentyabrın 20-də AÇG-dən sərbəst təbii qaz hasilatı ilə bağlı saziş imzalanıb. 2026-cı il iyunun 1-dən isə AÇG-də sərbəst təbii qaz hasilatına başlanılıb.
Hazırda AÇG-də iştirak paylarının 35,30 faizi SOCAR-a, 30,37 faizi BP-yə, 9,57 faizi MOL Group-a, 9,31 faizi INPEX-ə, 6,79 faizi ExxonMobil-ə, 5,73 faizi TPAO-ya və 2,92 faizi ONGC Videsh-ə məxsusdur.







