Bakı. TurkicWorld:
Türk Dövlətləri Təşkilatı (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri Prezident İlham Əliyevə müraciət ediblər.
TurkicWorld-un tədbirdəki müxbiri xəbər verir ki, müraciətdə TDT müsəlman dini idarə rəhbərləri Şurasının Bakıda keçirilən 7-ci görüşünün, eləcə də görkəmli azərbaycanlı alim-mütəfəkkir Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş Birinci Beynəlxalq elmi-praktiki Konfransın yüksək səviyyədə təşkilinə göstərilən diqqət və himayəyə görə Prezident İlham Əliyevə dərin minnətdarlıq ifadə olunub.
Dini liderlər Azərbaycanın multikulturalizm və tolerantlıq modelini, məzhəblərarası anlaşma və sivilizasiyalararası əməkdaşlığın təşviqində ölkənin rolunu yüksək qiymətləndiriblər. Müraciətdə Prezident İlham Əliyevin dinlər və mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş təşəbbüslərinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
TDT müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri Azərbaycanın əldə etdiyi uğurları, Qarabağda aparılan bərpa və quruculuq işlərini, Böyük Qayıdış prosesini və Türk dünyası ölkələri ilə mənəvi həmrəyliyin gücləndirilməsini də yüksək dəyərləndiriblər.
Müraciətin sonunda Prezident İlham Əliyevə Azərbaycanın beynəlxalq müstəvidə daha böyük uğurlara imza atması istiqamətində fəaliyyətində uğurlar arzulanıb.
Qeyd edək ki, Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Müsəlman Dini İdarələri rəhbərlərinin VII görüşü keçirilir.
Görüşdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Müsəlman Dini İdarə rəhbərləri Şurasının VII görüşündə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının dini qurumlarının rəhbərləri iştirak edirlər.
Ümumilikdə isə tədbirə 40 ölkəni və 15 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri qatılıblar. Görüş çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib.






