Son dəqiqə

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi Azərbaycanda Türk Dünyası Həftəsi

Bakı Türk dünyasının birliyinə çağırışın yüzillik ünvanına çevrildi

BAKI,TurkicWorld

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində keçirilən tədbirdə Türk dövlətlərinin liderlərinin müraciətlərində Azərbaycanın Türk dünyasının elmi, mədəni və siyasi inteqrasiyasında oynadığı tarixi və müasir rol xüsusi vurğulanıb.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciətdə bildirilib ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12 ci Zirvə Görüşü zamanı irəli sürdüyü təşəbbüsün bu gün reallaşması məmnunluq doğurur.

Prezident İlham Əliyev vurğulayıb ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə əlaqədar Türk Dünyası Həftəsinin Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövrünə təsadüf etməsinin xüsusi rəmzi mənası vardır:

"Paytaxtımızın memarlıq incilərindən sayılan əzəmətli İsmailiyyə Sarayında dünya türkologiyasının görkəmli simalarını və məşhur tədqiqatçı alimlərini yüz il əvvəl bir araya toplamış Birinci Türkoloji Qurultay zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mövcud şəraitdə mədəni inteqrasiyasının məfkurə olaraq təşəkkül tapması baxımından müstəsna əhəmiyyət daşıyır", - deyə müraciətdə qeyd edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da müraciətində Qurultayın yubileyinin məhz Bakıda keçirilməsinin rəmzi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, Azərbaycan bu gün də Türk dünyasının inkişafına və əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir. Ərdoğanın sözlərinə görə, yüz il əvvəl ortaq dil, tarix və mədəniyyət ətrafında səsləndirilən ideyalar bu gün də Türk dünyasında ortaq kimlik şüurunun möhkəmlənməsinə xidmət edir.

Qırğızıstan Prezidenti Sadır Japarov isə vurğulayıb ki, məhz Bakıda "dildə, fikirdə və əməldə birlik" ideyası əsasında Türk dünyasının intellektual dirçəlişinin əsası qoyulub. Onun sözlərinə görə, Qurultayda qəbul edilən qərarlar türk xalqlarının elmi inkişafına və dünyaya inteqrasiyasına mühüm töhfə verib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müraciətində Azərbaycanın Türk dünyasında xüsusi mövqeyə malik olduğunu qeyd edərək, Birinci Türkoloji Qurultayın qardaş xalqların sarsılmaz birliyinin rəmzinə çevrildiyini bildirib. O vurğulayıb ki, həmin dövrdə irəli sürülən ideyalar bu gün də öz aktuallığını qoruyur.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə Birinci Türkoloji Qurultayı türk xalqlarının elm və mədəniyyət tarixində dönüş nöqtəsi kimi dəyərləndirib. O bildirib ki, yüz il əvvəl Bakıda səsləndirilən fikir və təşəbbüslər bu gün də ortaq inkişaf və əməkdaşlıq üçün mühüm istiqamət göstərir.

Beləliklə, Türk dövlətlərinin liderlərinin müraciətlərində ortaq məqam kimi Birinci Türkoloji Qurultayın yalnız tarixi hadisə deyil, həm də müasir Türk dünyasının birliyi, humanitar əməkdaşlığı və ortaq gələcəyinin ideoloji əsasını təşkil etdiyi vurğulanıb. Bu baxımdan Bakı yüz il əvvəl olduğu kimi, bu gün də Türk dünyasının fikir və həmrəylik mərkəzi kimi ön plana çıxır.

Mövzuya görə xəbərlər