...

Prezident İlham Əliyev: Müasir qlobal çağırışlar arasında sülh və təhlükəsizlik problemləri ən aktual məsələlərdəndir

Siyasət Digər xəbərlər 22 Noyabr 2022 11:10
TurkicWorld Daspina Hasanova
Prezident İlham Əliyev: Müasir qlobal çağırışlar arasında sülh və təhlükəsizlik problemləri ən aktual məsələlərdəndir

Bakı. TurkicWorld:

Dövlətlərin üzləşdikləri müasir qlobal çağırışlar arasında sülh və təhlükəsizlik problemləri beynəlxalq münasibətlərin bütün sahələrinə və iştirakçılarına təsir göstərən ən aktual məsələlərdəndir. Bu həm də 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində uzun illər məruz qaldığı hərbi təcavüzə son qoyaraq ərazilərini işğaldan azad etməklə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddət ərzində icra edilməyən dörd qətnaməsinin tələblərini həyata keçirmiş Azərbaycan, eləcə də bütün Cənubi Qafqaz regionu üçün həssas və prioritet məsələdir.

TurkicWorld-un məlumatına görə, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının iştirakçılarına məktubunda yer alıb.

Məktubda deyilir: “Tarixi təcrübə göstərir ki, münaqişələr əbədi davam edə bilməz. Azərbaycanla Ermənistan arasında da beynəlxalq hüquqa, ədalət prinsipinə əsaslanan sülhün, təhlükəsizliyin təmin edilməsi dövrün və zamanın tələbidir. Bu baxımdan, siyasi partiyaların beynəlxalq sülhə və təhlükəsizliyə töhfə vermək məqsədilə bilik və təcrübələrinin mübadiləsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi təqdirəlayiqdir”.

Dövlətimizin başçısı qeyd edib ki, bugünkü tədbirin Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi ilə eyni vaxtda keçirilməsi əlamətdar hadisədir və öz yubileyini dost siyasi partiyalarla birlikdə qeyd edən YAP-ın beynəlxalq əməkdaşlığa, xarici tərəfdaşlara verdiyi önəmin göstəricisidir.

“Ümidvaram ki, Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə keçirilən bu konfrans çərçivəsində faydalı və məhsuldar müzakirələr aparılacaq, bölgədə, eləcə də dünyada sülhün, təhlükəsizliyin təşviqində siyasi partiyaların fəallığının artırılması sahəsində səmərəli istiqamətlər müəyyənləşdiriləcəkdir”, – deyə məktubda vurğulanır.

Qeyd edək ki, ICAPP Asiya regionunda 370-dən çox siyasi partiyanı bir araya gətirən nüfuzlu beynəlxalq təşkilat olaraq, dövlətlərin aparıcı siyasi partiyaları səviyyəsində aktual regional və qlobal məsələlərin müzakirə edildiyi, fikir və təcrübə mübadiləsinin aparıldığı əhəmiyyətli platformadır.

Məqalədə:
Xəbərlər

Xəbər lenti