BAKI,TurkicWorld
2015-ci ildə Azərbaycan ilə Çexiya arasında Strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamənin imzalanmasından sonra iki ölkə arasında münasibətlər ardıcıl şəkildə inkişaf edir.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çexiyaya səfəri çərçivəsində "Euro" jurnalına müsahibəsində bildirib.
Müsahibədə Azərbaycan–Çexiya əməkdaşlığı, Orta Dəhlizin artan əhəmiyyəti və Azərbaycanın Avropa ilə Asiya arasında mühüm nəqliyyat qovşağına çevrilməsi məsələləri müzakirə olunub.
Əmirbəyov vurğulayıb ki, Orta Dəhliz Avropanın yeni bazarlara çıxışı baxımından getdikcə daha böyük əhəmiyyət qazanır. Onun sözlərinə görə, Cənubi Qafqaz regionu və Azərbaycan bu marşrutun əsas hissəsini təşkil edir və Avropa ilə Asiya arasında bağlantının gücləndirilməsində mühüm rol oynayır.
Müsahibədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə də toxunulub. Qeyd edilib ki, uzun illər davam edən münaqişədən sonra regionda yeni reallıqlar formalaşıb və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası sülhün möhkəmləndirilməsinə xidmət edə bilər. Bu baxımdan, regional bağlantıların açılması Cənubi Qafqazın iqtisadi potensialını artıran əsas amillərdən biri kimi qiymətləndirilir.
Eyni zamanda, Avropa İttifaqının infrastruktur layihələrində iştirakı məsələsi də gündəmə gəlib. Bildirilib ki, münaqişədən əvvəl mövcud olmuş, lakin sonradan yararsız vəziyyətə düşmüş təxminən 174 kilometrlik dəmir yolunun bərpası nəzərdə tutulur. Qeyd olunub ki, bu cür layihələrə beynəlxalq maliyyə dəstəyinin cəlb edilməsi nəqliyyat dəhlizlərinin inkişafı ilə yanaşı, regionda uzunmüddətli sabitliyə də töhfə verə bilər.







