Türkiyə səfirliyi Bakının azad edilməsi uğrunda şəhid olanları yad edib

Türkiyə səfirliyi Bakının azad edilməsi uğrunda şəhid olanları yad edib

Bakı. TurkicWorld:

Bu gün Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 104 ili tamam olur.

TurkicWorld xəbər verir ki, bu münasibətlə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı və səfirliyin əməkdaşları Türk Şəhidliyi abidəsini ziyarət ediblər.

Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsi zamanı şəhid olan türk hərbçilərinin ruhu yad edilib.

Səfir qeyd edib ki, bundan 104 il əvvəl türk ordusunun bolşeviklərin işğalı altında olan azərbaycanlı qardaşlarının yardımına gəlməsi tam bir qəhrəmanlıq dastanıdır.

"Bakının azad edilməsinin 104-cü il dönümü münasibətilə Qafqaz İslam Ordusunun qəhrəmanlıqlarını yad etmək üçün növbəti dəfə mənəvi hüzurunuza gəlmişik. Birinci Dünya müharibəsində bir çox cəbhədə ən güclü ordularla döyüşmüş Osmanlı ordusunun qəhrəman əsgərləri olan siz daha təriniz soyumadan işğalçı bolşeviklərə və ermənilərə qarşı qardaşlarınızla çiyin-çiyinə döyüşdünüz. Son nəfəsinizdə Azərbaycan xalqına can, Azərbaycana müstəqillik verdiniz. Anadolunun ən çətin vaxtlarında Azərbaycan xalqının köməyinə gələn siz cümhuriyyətimizin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" sözlərini rəhbər tutaraq qəhrəmanca döyüşdünüz. Siz Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz münasibətlərin memarlarısınız. Ölkələrimizin birlik, bərabərlik və qardaşlığı məhz belə güclü təməllər üzərində qurulub. Sizin bu fədakarlığınız 30 ilə yaxın Ermənistan işğalı altında olan Qarabağın azad edilməsindədə ilham qaynağı olub. Bütün qəhrəmanlarımızı, şəhidlərimizi hörmətlə anırıq. Ruhunuz şad olsun".