Son dəqiqə

Qırğızıstan nümayəndə heyəti Bakı 21 saylı Mediasiya Təşkilatında Bakıda mediasiya sahəsində beynəlxalq təcrübə mübadiləsi Qırğızıstan nümayəndələri Azərbaycan mediasiya modelini öyrənib Bakı 21 saylı Mediasiya Təşkilatında beynəlxalq görüş Mediasiya sahəsində Azərbaycan–Qırğızıstan əməkdaşlığı Bakıda alternativ mübahisə həlli mexanizmləri müzakirə olunub

Qırğızıstan nümayəndə heyəti Bakı 21 saylı Mediasiya Təşkilatının fəaliyyəti ilə tanış olub

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Bakıda səfərdə olan Qırğızıstan Respublikasının nümayəndə heyəti mediasiya sahəsində Azərbaycan təcrübəsi ilə yerində tanış olub.

TurkicWorld xəbər verir ki, görüşdə Qırğızıstan nümayəndə heyətinin üzvləri Avazbek Şamşiyev və Kumara İmanova, Bakı 21 saylı Mediasiya Təşkilatının direktoru Zaur Mirzəbəyov, Quba 1 saylı Mediasiya Təşkilatının direktoru Hümmət Əliyev, mediatorlar Rəsul Əliyev və Cəlal Hüseynov iştirak ediblər.

Tədbir zamanı təşkilatın direktoru Zaur Mirzəbəyov qonaqlara mediasiya sahəsində görülən işlər, təşkilatın fəaliyyət istiqamətləri, mübahisələrin həllində tətbiq olunan mexanizmlər və praktiki təcrübə barədə ətraflı məlumat verib. O bildirib ki, mediasiya institutu mübahisələrin sülh yolu ilə, vaxt və resurs itkisi olmadan həllində mühüm rol oynayır.

Görüş çərçivəsində mediasiyanın hüquqi mübahisələrin tənzimlənməsində əhəmiyyəti, institusional təcrübə, ictimai maarifləndirmə fəaliyyəti və bu sahədə beynəlxalq əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, müxtəlif ölkələrdə mediasiya təcrübəsinin tətbiqi, hüquqi mühitin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Qeyd edilib ki, bu cür görüşlər hüquqi islahatların dərinləşdirilməsi, alternativ mübahisə həlli mexanizmlərinin inkişafı və regionlararası əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Görüş qarşılıqlı maraq doğuran mövzular ətrafında konstruktiv və işgüzar şəraitdə keçib.