BAKI,TurkicWorld
Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunmasına dair siyasi iradə dəyişməz olaraq qalır.
TurkicWorld erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında səsləndirib.
"Xüsusi vurğulamaq və bir daha təsdiq etmək istəyirəm ki, razılaşdırılmış çərçivə daxilində biz bu istiqamətdə irəliləməyə hazırıq, qətiyyətliyik və birmənalı şəkildə hərəkət edirik. Bu, dəfələrlə qeyd etdiyimiz prinsiplərə əsaslanmaqla Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsini də əhatə edir. Bizim yanaşmamız ondan ibarətdir ki, burada da münaqişə məntiqindən uzaqlaşıb sülhə uyğun normal mühitə və düşüncə tərzinə keçid etməliyik," – deyə Paşinyan bildirib.
Ermənistanlı baş nazir qeyd edib ki, həm Ermənistanda, həm də Azərbaycanda proses sürətli olmayacaq, çünki uzun illər davam edən münaqişənin formalaşdırdığı narrativlər hər iki cəmiyyət daxilində hələ də mövcuddur.
"...Biz daha praktik yanaşma qəbul etməli və işə fokuslanmalıyıq, çünki sülhün real və nəzərəçarpan faydaları müxtəlif narrativlər, şübhələr və çağırışlar üzərində sonsuz müzakirələrdən daha təsirli ola bilər," – deyə Paşinyan vurğulayıb.






