BAKI,TurkicWorld
Azərbaycan və Türkiyə arasında qarşılıqlı hərbi təhlükəsizlik möhkəmləndiriləcək.
TurkicWorld-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.
Bildirilib ki, "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu" 22 iyul 2025-ci il tarixində İstanbul şəhərində, Azərbaycan Respublikasının müdafiə naziri və Türkiyə Respublikasının milli müdafiə naziri tərəfindən imzalanıb.
Bu Anlaşma Memorandumunun məqsədi qarşılıqlı olaraq tərəflərin dövlətlərinin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması, habelə suverenliyinin və müstəqilliyinin qorunması üçün tərəflər arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsidir.
Razılığa əsasən, tərəf dövlətlər birinin silahlı təcavüzə məruz qaldığı halda BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və birgə özünümüdafiə hüquqlarının həyata keçirilməsi üçün bir-birlərinə qarşılıqlı yardımın göstərilməsi öhdəliyini götürürlər.
Tərəflərin bir-birlərinə hərbi yardım göstərməsi onlardan birinin sorğusu əsasında və buna dair milli qanunvericiliklərində müəyyən edilmiş qaydaya uyğun olaraq həyata keçirilir. Tərəflər dinc dövrdə mütəmadi olaraq birgə hərbi təlimlər və manevrlər keçirirlər.
Memorandum yalnız hərbi əməkdaşlıq və hərbi təhlükəsizlik sahəsindəki məsələləri əhatə edir və bu çərçivədə yalnız müdafiə sahəsində qarşılıqlı yardım, təlim, təchizat və tərəflərin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını ehtiva edir.
Tərəflər, öz milli qanunvericiliklərinə uyğun olaraq, hərbi sahədə məlumat mübadiləsini və hərbi kəşfiyyat əməkdaşlığını gücləndirirlər, buna müvafiq olaraq, hərbi təhlükəsizlik sahəsində əldə olunan məlumatları bir-birləri ilə paylaşa və bu məlumatlardan birgə əməliyyatlar zamanı istifadə edə bilərlər.
"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.





