Albaniyanın sabiq prezidenti İlir Meta Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olub

Albaniyanın sabiq prezidenti İlir Meta Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olub

Albaniyanın sabiq prezidenti İlir Meta Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olub.

İlir Meta 2017-2022-ci illərdə Albaniya prezidenti, bundan əvvəl 1999-2002-ci illərdə baş nazir, 2013-2017-ci illərdə isə parlamentin sədri olub. O, həmçinin Baş nazirin müavini, Avropa və Xarici İşlər naziri, o cümlədən İqtisadiyyat, Ticarət və Energetika naziri vəzifələrində çalışıb.

Prezident İlir Meta hər il Bakıda keçirilən Qlobal Bakı Forumunu və təşkil etdiyi digər Ali Səviyyəli toplantıların hazırkı və keçmiş dövlət və hökumət başçıları üçün öz təcrübələrini bölüşməsi üçün önəmli platforma kimi qiymətləndirib.

Mərkəzin üzvləri sırasında Vayra Vike-Freyberqa, Kolinda Qrabar-Kitaroviç, Viktor Yuşşenko, Aleksandr Kvasnevski, Qordon Braun, Helen Klark, Boris Tadiç, Binəli Yıldırım, Giorgi Marqvelaşvili, Amre Musa, Tzipi Livni kimi dünyanın tanınmış siyasətçiləri daxildir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə yaradılıb və hal-hazırda Mərkəz üzvü olan keçmiş prezidentlərin, baş nazirlərin və nazirlərin sayına görə dünyada fəaliyyət göstərən ən böyük təşkilatlardandır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov bildirib ki, “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hazırda dünyanı narahat edən məsələlərin müzakirə olunduğu mühüm platformalardan birinə çevrilib. Mərkəz fəaliyyətdə olduğu 10 il ərzində Bolqarıstan, Çin, Misir, Fransa, Yunanıstan, İtaliya, İsrail, İordaniya, Latviya, Moldova, Polşa, İspaniya, İsveç, İsveçrə, Türkiyə, Ukrayna, ABŞ kimi ölkələrdə ali səviyyəli toplantılarını təşkil etmişdir.”