Türkiyə ilə Ermənistan arasında dördüncü görüş bu gün olacaq

Türkiyə ilə Ermənistan arasında dördüncü görüş bu gün olacaq

Bakı. TurkicWorld:

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı görüş bu gün olacaq. TurkicWorld-un məlumatına görə, hər iki ölkənin xüsusi nümayəndələri bu gün Avstriyanın paytaxtı Vyanada 4-cü iclas üçün bir araya gələcəklər.

Məlumata görə, görüşdə Türkiyə adından Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç, Ermənistan tərəfdən isə parlamentin sədr müavini Ruben Rubinyan iştirak edəcək.

Xatırladaq ki, iki ölkə arasında normallaşma danışıqlarının birincisi yanvarın 14-də Moskvada baş tutub. Bu görüş çərçivəsində Türkiyə ilə Ermənistan arasında 2020-ci ildə dayandırılan uçuşların yenidən başlamasına qərar verilib və fevral ayından qarşılıqlı uçuşlara başlanılıb.

Normallaşma prosesində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 11-13 mart tarixlərində Antalyada keçirilən Antalya Diplomatiya Forumunda iştirak edib.