Prezident İlham Əliyev: Növbəti komando hərbi hissələrinin açılması nəzərdə tutulur

Prezident İlham Əliyev: Növbəti komando hərbi hissələrinin açılması nəzərdə tutulur

Növbəti komando hərbi hissələrinin açılması nəzərdə tutulur və bu silahlı birləşmələrdə minlərlə azərbaycanlı xidmət edəcək.

TurkicWorld xəbər verir ki, bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Ermənistan ordusu 44 gün ərzində demək olar ki, məhv edilmişdir. Ermənistan ordusunda panika, isterika vüsət almışdı. Özlərinin etirafına görə, 10 min fərari olmuşdu. Azərbaycan Ordusunda bir nəfər də döyüş meydanından qaçmadı. Budur Azərbaycan övladının ruhu, Vətənə olan bağlılığı. Qarabağın tacı olan Şuşanı - bu alınmaz qalanı alaraq biz Şuşada Azərbaycan bayrağını ucaltdıq. Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb və o vaxt işğal altında qalan ərazilərdən çıxmağa məcbur olub.

Biz indi bütün sərhəd boyunca yerləşmişik. Bütün sərhədlərdə hərbi hissələr yaradılmışdır. Müharibədən keçən ilyarım ərzində biz gecə-gündüz çalışmışıq ki, ordumuzu daha da gücləndirək, daha da müasir silahlarla təchiz edək, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olaq, yerləşək və buna nail olduq. Altı ay bundan əvvəl Hadrutda birinci komando hərbi hissəsi açılmışdır. Bu gün Kəlbəcərdə ikinci komando hərbi hissəsi açılır. Növbəti komando hərbi hissələrinin açılması nəzərdə tutulur və bu silahlı birləşmələrdə minlərlə azərbaycanlı xidmət edəcək. Bu, bizim gücümüzü daha da artıracaq.

Müharibədən sonra bu gün Azərbaycan Ordusu daha güclüdür - həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Ona görə biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək. Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”".