Prezident İlham Əliyev: Moskvada Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə münasibətlərimizin yeni mərhələsinə yaxşı start verdi (TAM NİTQ)

Prezident İlham Əliyev: Moskvada Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə münasibətlərimizin yeni mərhələsinə yaxşı start verdi (TAM NİTQ)

Bakı. TurkicWorld:

Moskvada Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması bizim münasibətlərimizin yeni mərhələsinə yaxşı start verdi.

TurkicWorld xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Hörmətli Sergey Viktoroviç, sizi yenidən görməyimə çox şadam. Xoş gəlmisiniz. Elə sizin səfəriniz ərəfəsində həm sizinlə, həm də Rusiya Federasiyasının Prezidenti ilə əvvəlki görüşlərimizi xatırlamışam. Bu ilin əvvəlində Moskvada Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması bizim münasibətlərə, münasibətlərimizin yeni mərhələsinə yaxşı start, belə müsbət ahəng, dinamika verdi. Hesab edirəm ki, bizim münasibətlərimizin gələcək inkişafı üçün bu əsas sənəd çoxillik, çox səmərəli əməkdaşlığın gözəl yekunudur. Bəyannamənin müddəalarının implementasiyası çərçivəsində artıq xeyli iş görülüb. Əminəm ki, sizin səfəriniz çərçivəsində bu istiqamətdə yeni addımlar atılacaq. Əlamətdar haldır ki, diplomatik münasibətlərin yaradılmasının 30-cu ilində biz görülmüş bütün işlərə müəyyən mənada yekun vurduq və dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafının sonrakı istiqamətlərini müəyyən etdik.

Bizim münasibətlər haqqında çox danışmaq olar. Sizinlə bu mövzuda dəfələrlə fikir mübadiləsi aparmışıq. Siyasi münasibətlərin, ali səviyyədə daimi dialoqun, bu il yaxşı dinamika nümayiş etdirən ticari-iqtisadi əlaqələrin, nəqliyyat, energetika sahələrində, təbii ki, humanitar sahədə əməkdaşlığın inkişafından məmnun olduğumu bir daha bildirmək istərdim. Yəni, bizdə sıx qarşılıqlı fəaliyyətin olmadığı sahələri göstərmək daha asandır. Əlbəttə, Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə bizim ikitərəfli münasibətlərdə çox mühüm addımdır və artıq dediyim kimi o, bizim əlaqələrimizin inkişaf yollarını müəyyən edəcək.

Bu gün, əlbəttə, regionda vəziyyət, münaqişədən sonrakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə danışacağıq. Siz bizim mövqeyimizi bilirsiniz. Bu mövqe regionda uzunmüddətli sülhün bərqərar olmasına yönəlib. Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən də müsbət qəbul ediləcək və çoxillik qarşıdurmaya son qoyulacaq. Sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır, lakin biz hələ ümid edirik ki, bu təklif müsbət qəbul ediləcək.

Müsbət məqamlar arasında Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun işinin intensivləşməsini qeyd etmək istərdim. Lap yaxın vaxtlarda Sankt-Peterburqda yeni görüş keçirilib. Ümid edirik ki, 2020-ci il noyabr Bəyannaməsinin implementasiyası məqsədilə məhz kommunikasiyaların açılması, Azərbaycan yüklərinin və vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına maneəsiz çatdırılmasının təmin edilməsi kontekstində də praktiki addımlar atılacaq. Bu, Ermənistan tərəfinin hüquqi öhdəliyidir. Lakin təəssüf ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından ilyarımdan çox keçməsinə baxmayaraq Bəyannamənin həmin bəndi indiyə qədər yerinə yetirilməyib. Düşünürəm ki, bütövlükdə vəziyyətin normallaşması üçün bizim konsepsiya çərçivəsində çox praktiki addımlar atmaq mümkün olacaq. Əlbəttə, Qafqazda möhkəm sülhün bərqərar olması işində Rusiya Federasiyasının fəal səylərinə də ümid bəsləyirik.

Bir daha xoş gəlmisiniz. Vaxtınızı xoş keçirməyi arzu edirəm".