...

Prezident İlham Əliyev Türkmənistanın dövlət başçısını təbrik edib

Siyasət Digər xəbərlər 10 İyun 2022 19:27
TurkicWorld Daspina Hasanova
Prezident İlham Əliyev Türkmənistanın dövlət başçısını təbrik edib

Bakı. TurkicWorld:

Prezident İlham Əliyev Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədova təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli Sərdar Qurbanquliyeviç,

Bu il biz Azərbaycan Respublikası ilə Türkmənistan arasında əlamətdar ildönümü – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu xoş hadisə ilə əlaqədar Sizi ürəkdən təbrik edir, Sizə və qardaş Türkmənistan xalqına ən səmimi arzularımı çatdırıram.

Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlər tarixən dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Ortaq tarixə, qardaşlığa və qarşılıqlı hörmətə əsaslanan əlaqələrimizin ötən dövr ərzində dinamik inkişaf edərək keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi və bu gün strateji tərəfdaşlıq xarakteri daşıması xüsusi məmnunluq doğurur.

Qarşılıqlı səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan sənədlər, həyata keçirilən birgə layihələr əməkdaşlığımızın genişlənməsində mühüm rol oynamışdır. Siyasi əlaqələrimizin yüksək səviyyəsi iqtisadiyyat, nəqliyyat-logistika, enerji, humanitar və digər sahələrdə səmərəli işbirliyimiz ilə müşayiət olunur. Beynəlxalq təşkilatlar çərçivəsində də münasibətlərimiz uğurla davam edir.

Hesab edirəm ki, Azərbaycan ilə Türkmənistan arasında bütün sahələrdə, xüsusilə nəqliyyat sahəsində əməkdaşlığımızın inkişafı üçün əlverişli şərait mövcuddur. Əminəm ki, bu imkanlardan istifadə edərək birgə səylərimizlə ənənəvi dostluq əlaqələrimizin möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsinin daha da genişlənməsinə nail olacağıq.

Sizi bir daha səmimiyyətlə təbrik edir, möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Məqalədə:
Xəbərlər

Xəbər lenti