Bakı. TurkicWorld:
Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər, Cəbrayıl rayonlarında erməni separatçıları tərəfindən onlarla azərbaycanlı qəbiristanlığı dağıdılıb, erməni məzarlıqları isə toxunulmaz qalıb.
TurkicWorld-un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin hesabatında deyilir.
Qeyd olunur ki, Azərbaycan qəbiristanlıqlarının dağıdılması faktları xarici fotojurnalistlər tərəfindən qeydə alınmış minlərlə fotoşəkillə təsdiq olunur.
Hesabatda vurğulanır ki, azərbaycanlı qəbirləri erməni separatçıları tərəfindən təhqirə məruz qalıb. Bəzi hallarda qəbirlərin talan olunması, o cümlədən texnika ilə dağıdılmasının izləri aşkarlanıb.
"Ağdama səfər etmiş xarici müşahidəçilər qəbiristanlıqda qazılmış boş məzarların şəkillərini çəkib. Görüntülərdə sındırılmış başdaşı, digər başdaşılarda eybəcər hala salınmış portretlər, çəkic və ya digər bənzər əşyalarla sındırılmış plitələr əks olunub", - hesabatda deyilir.
ABŞ Dövlət Departamenti bildirir ki, qəbirlər qızıl diş axtarışları məqsədilə qazılırdı, qalıqlar isə bütün qəbiristanlıq ərazisinə atılırdı.
Hesabatda, həmçinin, vurğulanır ki, erməni qəbirisitanlıqları toxunulmaz qalıb.