Antalyada Azərbaycanla Ermənistan arasında sülh danışıqları haqqında fikir mübadiləsi aparılacaq - Fərid Şəfiyev

Antalyada Azərbaycanla Ermənistan arasında sülh danışıqları haqqında fikir mübadiləsi aparılacaq - Fərid Şəfiyev

Antalya Diplomatiya Forumu artıq ikinci ildir ki keçirilir. Bu, Türkiyənin həm qlobal, həm də regional məsələlərdə rolunu göstərir. Builki forumda da çoxlu sayda dövlət xadimləri, ekspertlər, jurnalistlər və digər qonaqlar iştirak edir. Bu forum göstərir ki, Türkiyənin dünyada rolu, vacibliyi, xüsusən Rusiya-Ukrayna müharibəsi fonunda artmaqdadır.

Bunu TurkicWorld-ə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev deyib.

O qeyd edib ki, Forumda Azərbaycandan da böyük bir nümayəndə heyəti iştirak edir.

“Nümayəndə heyətinin tərkibində diplomatlar, deputatlar, ekspertlər iştirak edir. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi də bu foruma qatılıb. Regionda vəziyyət çox gərgindir, həm Türkiyə, həm də Azərbaycan istəyir ki, Rusiya-Ukrayna müharibəsi tezliklə dayansın”, - deyə F.Şəfiyev qeyd edib.

O əlavə edib ki, Antalya Forumunda Ermənistan xarici işlər naziri də iştirak edir. “Bütün bu faktlar göstərir ki, bu nə qədər vacib bir tədbirdir. Yəni bütün gərginlikləri nəzərə alaraq forum yerinə düşüb. Forum zamanı Türkiyə və Ermənistan arasında normallaşma prosesi, Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları haqqında fikir mübadiləsi aparılacaq”, - deyə o bildirib.