Paşinyan Rusiyanın çətin durumundan istifadə edib qərbə sığınır - Sahil Kərimli

Paşinyan Rusiyanın çətin durumundan istifadə edib qərbə sığınır - Sahil Kərimli

Ermənistan baş naziri Nikol Paşinyanın Fransaya səfəri istər siyasi dairələrdə, istərsə də Ermənistan cəmiyyətində heç də birmənalı qarşılanmır. Bu səfər Paşinyanın siyasi riyakarlığının növbəti göstəricisidir. Paşinyan yenə ikili oyunlar oynamaqla özünə xal qazanmaq istəyir. Onun bu hərəkətini Rusiyaya qarşı yeni bir xəyanət kimi qiymətləndirmək olar.

Bu sözləri Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli deyib. O əlavə edib ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlar apardığı belə bir gərgin zamanda Ermənistan öz maraqlarını güdür: “Hazırda Rusiya Ukraynada mürəkkəb durumla üzləşib, hərbi əməliyyatların necə nəticə verəcəyi sual altındadır. Digər tərəfdən, Rusiya dünya ölkələrinin ağır sanksiyaları məngənəsində sıxılır. Rusiya iqtisadi tənəzzül təhlükəsi ilə üz-üzədir. Ermənistanın baş naziri Rusiyanın belə bir çətin durumundan istifadə edərək Avropaya, konkret olaraq Fransaya üz tutur, özünə siyasi dividentlər qazandırmağa çalışır. Onun bu addımları Rusiyaya qarşı açıq-açığına xəyanətdir”.

S.Kərimli xüsusilə vurğulayıb ki, Paşinyanın bu riyakar siyasi gedişləri yeni deyil. Ermənistan liderinin fəaliyyətində əvvəllər də bu kimi məqamlara rast gəlinib: “Paşinyan bütün siyasi fəaliyyəti boyu, İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı zamanda da öz tərəfdaşı olan Rusiyaya qarşı xəyanətkar mövqe tutub. Paşinyan azacıq məqam tapan kimi Qərbə sığınaraq Rusiyaya arxadan zərbə vurub. Bu isə siyasi rirakarlıqdan başqa bir şey deyil”.

S.Kərimli, həmçinin, qeyd edib ki, Paşinyanın bu xarakteri və yaramaz siyasi əxlaqı artıq heç kimə sirr deyil: “Ermənistan baş nazirinin mahiyyətini artıq bütün dünya tanıyır. Bu reallığı Rusiyada da yaxşı bilirlər. Qaçılmaz reallıqdır ki, belə xəyanətkar və riyakar siyasət yürütməklə çox da uzağa getmək və ya hər hanası uğur qazanmaq mümkün olmayacaq”.