Son dəqiqə

Azərbaycan Ceyhun Bayramov Litva

Litva xarici işlər naziri Azərbaycanlı həmkarına başsağlığı verib

Bakı. TurkicWorld:

31 dekabr 2024-cü il tarixində Litva Respublikasının yeni xarici işlər naziri Kestutis Budris, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edərək "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı başsağlığı verib.

TurkicWorld xəbər verir ki, nazir Budris, qəza nəticəsində vəfat edənlərə rəhmət diləyib, yaralılara isə tezliklə şəfa arzulayıb. O, ilk rəsmi telefon danışığının belə kədərli hadisə ilə bağlı aparılmasından üzüntü duyduğunu bildirib və Litvanın yaralıların reabilitasiyası və qəzanın səbəblərinin araşdırılması istiqamətində dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov başsağlığı və həmrəylik üçün təşəkkür edərək, təyyarə qəzasının araşdırılmasının ölkə rəhbərliyinin birbaşa nəzarətində olduğunu və bu məqsədlə dövlət komissiyasının yaradıldığını diqqətə çatdırıb.

Söhbət zamanı nazirlər regional və beynəlxalq təhlükəsizlik, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Onlar 2025-ci ildə Azərbaycan-Litva diplomatik münasibətlərinin 30 illiyinin qeyd ediləcəyini vurğulayaraq, əlaqələrin daha da intensivləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Mövzuya görə xəbərlər