Son dəqiqə

AZAL

Xorvatiyanın Baş naziri Azərbaycana başsağlığı verdi

Bakı, TurkicWorld

Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova başsağlığı məktubu ünvanlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumatı məlumat yayıb.

Məktubda deyilir: "Dekabrın 25-də Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin sərnişinləri və ekipaj üzvlərinin ölümü ilə bağlı faciəvi xəbəri dərin hüznlə aldım.

Xorvatiya Respublikası Hökuməti adından və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə və bu faciədən zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı verirəm. Biz həmçinin, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq".

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.

Mövzuya görə xəbərlər