Son dəqiqə

AZAL

Ukrayna Aktauda baş vermiş təyyarə qəzasının ədalətli və qərəzsiz araşdırılmasına çağırır - XİN rəhbəri

Bakı, TurkicWorld

Ukrayna Aktau yaxınlığında "Azərbaycan Hava Yolları" təyyarəsinin qəzasının səbəblərinin ədalətli və qərəzsiz araşdırılmasına çağırış edib.

TurkicWorld xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkəsindəki hesabında yazıb.

""Azərbaycan Hava Yolları"na məxsus təyyarə qəzası – dəhşətli bir hadisədir. Biz Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Qeyd edilməlidir ki, Rusiya KİV-ləri qəzanın səbəbləri ilə bağlı məlumatları təhrif edib. Rusiya zədələnmiş təyyarəni, ehtimal ki, cinayətlərinin izlərini gizlətmək məqsədilə dənizi keçməyə məcbur edib", - deyə o bildirib.

A.Sibiqa əlavə edib ki, təyyarə göyərtəsində və qəza sonrası çəkilmiş foto və videolar Rusiyanın hava hücumundan müdafiə sisteminə aid təkzibolunmaz sübutlardır.

"Biz günahkarların məsuliyyətə cəlb olunması üçün ədalətli və qərəzsiz araşdırmaya çağırırıq. Rusiyanın yalan danışmasına, məsuliyyətdən yayınmasına və ya günahı başqalarının üzərinə yükləməsinə imkan verməməliyik", - Ukrayna XİN rəhbəri vurğulayıb.

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.

Mövzuya görə xəbərlər