Bakı. TurkicWorld:
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngilan Beynəlxalq Hava Limanının açılışının ikinci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.
TurkicWorld xəbər verir ki, bu barədə türkiyəli nazir bazar günü, oktyabrın 20-də sosial şəbəkələrdə müvafiq paylaşım edib.
Nazir Türkiyə və Azərbaycan liderlərinin erməni işğalından azad edilmiş Zəngilanda hava limanının açılış mərasimində iştirakını xatırladıb.
Türkiyəli nazir, həmçinin Zəngilan hava limanının qardaş Azərbaycanın inkişafında yeni səhifə açdığına əminliyini ifadə edib. O, mülki aviasiya sahəsində qarşılıqlı fəaliyyət sayəsində Türkiyə ilə Azərbaycan qardaşlığının daha da parlaq olacağını vurğulayıb.
Uraloğlu öz paylaşımına Zəngilan Beynəlxalq Hava Limanının fotosunu, habelə Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın hava limanının rəmzi açılışını bildirən qırmızı lenti kəsmələrinin fotoşəkillərini əlavə edib.