Bakı, TurkicWorld
Oktyabrın 12-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib.
Bu barədə TurkicWorld-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, videobağlantı formatında keçirilən müşavirəyə nazir müavinləri, qoşun (qüvvə) növü komandanları və müavinləri, Əlahiddə Ümumqoşun Ordunun rəhbər heyəti, baş idarə, idarə rəisləri, hərbi birlik və birləşmə komandirləri, həmçinin Milli Müdafiə Universitetinin və tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələrinin rektorları cəlb olunub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları çatdırıb.
Ali Baş Komandanın yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında və digər çıxışlarında səsləndirdiyi fikirləri müşavirə iştirakçılarının diqqətinə çatdıran müdafiə naziri hərbi gücümüzün və döyüş imkanımızın artırılmasının, eləcə də peşəkar kadr hazırlığının başlıca məqsədimiz olduğunu xüsusi vurğulayıb. Nazir qoşunların xidməti-döyüş fəaliyyətində dövlət başçısının fikirlərindən irəli gələn tapşırıqların icrasının daim diqqət mərkəzində saxlanmasının əhəmiyyətini qeyd edib.
Müşavirədə şərti sərhəddə əməliyyat şəraiti və qoşunlarda bölmələrin gündəlik fəaliyyəti təhlil edilib, mövcud vəziyyətlə bağlı məruzələr dinlənilib.
Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, ayıq-sayıqlığın artırılması, eləcə də revanşist qüvvələrin şərti sərhəddə ehtimal olunan bütün təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmaqla bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verib.
General-polkovnik Z.Həsənov cari ilin 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin təşkilatçılığını, ölkəmizdə və digər qabaqcıl dövlətlərdə istehsal edilən müasir silah-texnika nümunələrinin stendlərdə nümayiş etdirilməsini yüksək qiymətləndirib.
Azərbaycan Ordusunun arsenalına daxil edilən yeni silah, texnika və hava hücum vasitələrinin imkanlarının, düzgün istismarının, həmçinin gecə və gündüz şəraitində effektiv döyüş tətbiqinin keçirilən təlimlərdə dərindən öyrənilməsinin əsas tələblərdən biri olduğu müşavirə iştirakçılarının nəzərinə çatdırılıb.
Hərbi hissələrdə qoşun xidmətinin effektiv təşkili, digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə ərazilərimizin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, kəskin relyef və sərt iqlim şəraitində yerləşən mövqelərin mühəndis-istehkam cəhətdən yaxşılaşdırılmasının, təminat yollarının daim işlək vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb.
Dövlət rəhbərliyinin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin və mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə olduğunu qeyd edən nazir, xüsusilə qış dövründə bölmələrin maddi-texniki və tibb təminatı məsələlərinə diqqət yetirilməsinin zəruriliyini bildirib.
Sonda mütəmadi olaraq müxtəlif mövzularda maarifləndirici tədbirlərin keçirilməsi, şəxsi heyət tərəfindən təhlükəsizlik və nizam-intizam qaydalarına riayət edilməsi, təlim-tədris və təhsil prosesində keyfiyyət göstəricilərinin nəzarətdə saxlanılması barədə əlavə göstərişlər verilib.