Bakı, TurkicWorld
Seçkidən sonrakı dövr seçki prosesində narazı qalan, hər hansı məqamlarla barışmayan vətəndaşlarımızdan olan müraciətlərin araşdırılmasıdır
TurkicWorld xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O bildirib ki, seçkidən sonra 2 gün ərzində DSK-lar tərəfindən səsvermənin nəticələrini əks etdirən protokollar MSK-ya təqdim olunub:
"MSK da bütün lazımi addımları atıb. MSK istər sosial şəbəkələr, istər namizədlərdən daxil olan müraciətlər, istərsə də "Qaynar xətt"-ə daxil olan müraciətləri ciddi şəkildə araşdırır. Milyonlarla insanın iştirak etdiyi bir prosesdə heç bir nöqsan olmur desək, düzgün olmaz, bu 50-60 il əvvəli xatırladar. Biz çalışırıq ki, bütün məqamlarla bağlı bütün reaksiyaları verək. MSK hətta daxil olmayan məlumatları da ciddi təftiş edir. Sosial şəbəkələrdə olan məlumatları da biz detallı şəkildə araşdırırıq".
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.