Bakı, TurkicWorld
"Çində imzalanan müqavilənin dayanıqlı olacağına inanmıram. İsrail kəşfiyyatının HƏMAS və FƏTH strukturlarına nüfuz etdiyini nəzərə alsaq, onlar həmin qruplar arasında barışığın əbədi olacağına imkan verməyəcəklər".
TurkicWorld xəbər verir ki , bunu Qaynarinfo-ya açıqlamasında “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu Çində HƏMAS-la FƏTH arasında imzalanan barışıq sazişini şərh edərkən deyib.
Siyasi şərhçi bildirib ki, HƏMAS və FƏTH arasında uzun illərə dayanan ideoloji savaş sona çatıb:
"Burada maraqlı nüanslar var. Bu məsələdə Çin vasitəçi kimi çıxış edib və tərəflər də məhz Pekində görüşüblər. Nə üçün bu vaxta qədər HƏMAS-ı terrorçuluqda ittiham edən Mahmud Abbas hökuməti həmin qruplaşmanın ən azından hərbi yöndə zəiflədiyi bir dönəmdə onunla danışıqlara, dialoqa gedir? HƏMAS da nə üçün bunu qəbul edir? Sirr deyil ki, qütbləşmə var. Fələstinin sağ və sol qruplaşmaları şərq blokuna meyl edir. FƏTH-in belə bir razılaşmağa getməsi onun heç də güclü olduğunu göstərmir. Əslində FƏTH-i buna vadar edən İsrail hökumətinin ilin əvvəlində açıqladığı bəyanatlardır. Orada deyilirdi ki, müharibədən sonra İordan çayının qərb sahili birbaşa İsrailə ilhaq ediləcək".
Ekspert bildirib ki, məhz bundan dolayı FƏTH HƏMAS-la sözügedən müqaviləni imzalamaq məcburiyyətində qaldı:
"Mahmud Abbas hökuməti yaxşı bilir ki, əlindəki hakimiyyət tam olaraq əldən gedə bilər. Hazırda dünyada HƏMAS-ı dəstəkləyən qüvvələr daha çoxdur, nəinki böhrana susqun yanaşan Abbas hökumətinə. Mahmud Abbas hökuməti də məhz bu səbəbdən aciz vəziyyətə düşüb. HƏMAS da legitim hökumət olaraq bir çox dünya dövlətləri tərəfindən tanınmır. HƏMAS onu da başa düşür ki, gec-tez müharibə başa çatacaq. Fələstində isə milli hökumətin qurulması məsələsi gündəmdədir. Hansı ki, orada HƏMAS da yer almalıdır. HƏMAS məhz gələcək hökumətdəki yerlərini itirməmək üçün FƏTH-lə danışıqlara razılıq verib”.
Həmsöhbətimiz tarixi təcrübəyə əsasən qeyd edir ki, Fələstinin bu iki qüvvəsi arasında barışıq heç də hər zaman uzun sürməyib. Ona görə bu barışıq da uzun müddətli olmayacaq:
"Qəzzada ertəsi gün" planına əsasən İsrailin dəstəklədyi Məhəmməd Dahlan adında birisi hakimiyyətə gətiriləcək. Mahmud Abbas da Məhəmməd Dahlanı önə çıxarmaq, gələcəkdə Fələstini onun idarə etməsini istəyir. Amma HƏMAS bunu qəbul etmir. Bu baxımdan Çində imzalanan müqavilənin möhkəm olacağına inanmıram. İsrail kəşfiyyatı həm HƏMAS strukturlarına, həm də FƏTH-ə yetərində nüfuz edə bilib. Ona görə də onlar barışığın əbədi olacağına imkan verməyəcəklər".