Bakı, TurkicWorld
“İran və İsrail arasında olan gərginliyə münasibət kimi yanaşmağımız doğru olmazdı. Çünki baş verən gərginlik, əslində, Qəzzada və Livanda olan hadisələrdən sonra daha da aktual bir hal alıb”.
TurkicWorld xəbər verir ki, bu sözləri Yenicag.az -a açıqlamasında politoloq Rufiz Hafizoğlu deyib.
Politoloq ötən həftənin sonu İsrailin İrandakı mühüm hərbi obyektləri vurmasından sonra regiondakı proseslərlə bağlı fikirlərini bölüşüb.
“Sual oluna bilər ki, “İsrail burada cəsarətli edən nədir?” Əslində, hər nə qədər İran və dünya mediası iddia etsə ki, açıq şəkildə Qəzzadakı hadisələri dəstəkləyir, HƏMAS-a açıq şəkildə dəstək verir, silah verir və sair və s. Amma Qəzzanın bombalanması zamanı, daha doğrusu, Qəzzanın xəritədən silinməsi zamanı İranın hər hansı bir aktiv bəyanat səsləndirilməsindən başqa bir şey etdiyini görmədik. Yəni nə İsrailə qarşı hər hansı bir addım atıldı, nə də İsrail ərazisinə hücum oldu. Amma İran ərazisində İsmayıl Haniyənin qətlindən və ondan sonra başlanan silsilə hadisələr var idi – peycerlərin partladılması və s. Eləcə də birbaşa Livana müdaxilə məsələsi İsrail tərəfindən gündəmə gəlincə, artıq İran hər zaman sərgilədiyi diplomatik səbrini bitirdi. Lakin o diplomatik səbri İran nədənsə hər zaman müsəlman olmayan dövlətlərə sərgiləyirdi və hər hansı bir müsəlman dövlətinə İran bu vaxta qədər diplomatik səbir nümayiş etdirməyib. Dolayısıyla, “İran nə üçün Livanda baş verən hadisələrdən sonra daha aktiv hala gəldi və İsrailə zərbələr endirməyə başladı” sualının özü də çox danışılası mövzudur”.
“Əslində, “Nə üçün?” sualına gəlincə, Livanın və Livanda olan proksi güc – dövlət içində dövlət hesab edilən “Hizbullah”ın vurulması İranın milli maraqlarına çox ciddi zərbədir. Burada “bəs, İranın milli maraqları nədir” sualını verə bilərik. İranın milli maraqları bölgədə şiə faktorundan istifadə edərək yayılmaqdır. Məncə, İran da İsrailə hücum edəcək. Necə ki, İsrail bunu etdi. Bəli, hücum olacaq və tərəflər yenə də raket zərbələri endirəcəklər. Amma ABŞ-də olan seçkilərə qədər hələ ki nisbi sakitlik olacaq”, – deyə o əlavə edib.
“Məsələ ondadır ki, İran, eyni zamanda, şiə faktorundan istifadə edərkən Səudiyyə Ərəbistanında da bir şeylər etməyə çalışdı. Çünki ölkənin ən azı 20 faizi şiə müsəlmanlardan ibarətdir. Küveytdə də onlar az deyillər. Yəni şiə faktorundan istifadə edərək İran, əslində, regionda bufer zona yaradıb. Odur ki, zona dağılmadıqca və ərəb şiələrlə fars şiəliyi bir-birindən tam ayrılmadıqca, İranı məhv etmək qeyri-mümkün olacaq. İranın məhvinin doğru olub-olmadığı məsələsinə girişmək istəmirəm, o, ayrı bir mövzudur və biz bununla saatlarla danışa bilərik”, – deyə o bildirib.
Siyasi təhlilçi düşünür ki, “Hizbullah”ın və silahlı şiə müqavimətinin məhv olması haradasa şiəliyin özünün də xeyrinə olan hadisə ola bilər:
“İraqda İŞİD terror qruplaşması olduğu zaman bu, bütün sünni İslam dünyasında çox böyü alçaldıcı bir fakt idi və bütün sünni dünyası, əslində, ekstremist sima ilə tərənnüm olunurdu. Aydın məsələ idi ki, İŞİD sünni müsəlmanlardan ibarət idi. Radikallar olsa belə, sünni qolları mövcud idi. Bu gün “Hizbullah” və İranın dəstəklədiyi bütün silahlı qruplaşmalar da, əslində, şiəlik üçün çox ciddi təhdiddir”.
“Bu məsələyə fərqli aspektlərdən yanaşa bilərik və düşünürəm ki, bu da üzərində durmağımız lazım olan önəmli məqamlardan biridir. Ümumiyyətlə, son hadisələrdə biz nəyin şahidi olduq? İŞİD-in məhvi ilə dünyada cihad anlayışı fərqli məqamlara endirildi. Əslində, cihad anlayışı çox pak, müqəddəsdir və burda başqa məqamlar var. Var, nəfslə cihad, Vətən uğrunda cihad və s. Lakin bütün bunları sıfıra endirdilər. Bu gün isə cihaddan danışdığımız zaman artıq çox radikal, vəhşi və İŞİD-in dünyaya lansman etdiyi cihad anlayışı istər-istəməz böyük müsəlman, qeyri-müsəlman hamısının ağlında həkk olunur”, – deyə o, fikirlərini yekunlaşdırıb.