Son dəqiqə

Ombudsman Səbinə Əliyeva

İQAK tərəfindən milli insan hüquqları təsisatının hesabatlarına istinad olunmaması narahatedici məqamlardandır -Ombudsman

Bakı, TurkicWorld

Avropa Şurasının İşgəncənin və qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Komitəsi tərəfindən milli insan hüquqları təsisatının hesabatlarına istinad olunmaması narahatedici məqamlardandır.

Bu barədə TurkicWorld-ə açıqlamasında Ombudsman Səbinə Əliyeva deyib.

O qeyd edib ki, ölkə qanunvericiliyi və beynəlxalq müqavilələrdə əks olunmuş hüquq və azadlıqların müdafiəsi, işgəncə və pis rəftar hallarının qarşısının alınması, şərəf və ləyaqətin müdafiəsi hüququnun təmin edilməsi Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərdəndir.

"2009-cu ildən Ombudsman BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolunda nəzərdə tutulmuş Milli Preventiv Mexanizmin (MPM) funksiyalarını yerinə yetirir. Bu müddət ərzində, təsisat insan hüquqları sahəsindəki beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurasının İşgəncənin və qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Komitəsi (İQAK) ilə səmərəli əməkdaşlıq etmişdir. Adıçəkilən təşkilatın ölkəmizə səfərləri çərçivəsində Ombudsman və Milli Preventiv Qrupun üzvləri ilə də görüşlər keçirilmiş, məhsuldar fikir və təcrübə mübadiləsi aparılmışdır. Təşkilatın tövsiyə və təklifləri mütəmadi təhlil edilmiş, MPM üzrə fəaliyyətdə nəzərə alınmışdır.

Ombudsman MPM fəaliyyəti çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə həyata keçirdiyi başçəkmələrin nəticəsi olaraq aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə həmin müəssisələrin tabe olduğu yuxarı orqanlara mütəmadi olaraq təklif və tövsiyələr verir və müvafiq hesabatlar dərc edir ki, bu zaman İQAK-ın Ümumi Tövsiyələrinə istinadlar edilir. İQAK-ın 2022-ci ildə ölkəmizə xüsusi səfərinin yekunları üzrə hazırlanmış hesabatında başçəkmə keçirdiyimiz müəssisələrin tabe olduğu yuxarı orqanlara yazılı məlumatların verilməsi məsələsi tövsiyə kimi qeyd olunub. Lakin bildirmək istərdik ki, əsas fəaliyyət istiqamətlərimizdən olan başçəkmələr üzrə müəssisələrin tabe olduğu yuxarı orqanlara yazılı sorğular və tövsiyələr göndərilir, nəticə olaraq isə, həmin yazılı tövsiyələr və onlara verilən rəsmi cavablar əsasında hər il üzrə MPM hesabatları hazırlanaraq ictimailəşdirilir. Bu kimi məsələlərə İQAK (CPT) tərəfindən diqqət yetirilməməsi, milli insan hüquqları təsisatının hesabatlarına istinad olunmaması da narahatedici məqamlardandır.

Qeyd olunmalıdır ki, şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının təmini istiqamətində tövsiyələrimiz də nəzərə alınmaqla ölkədə sistemli tədbirlər davam etdirilir.

Hesab edirik ki, bütün hallarda narahat edən və ya sual doğuran məsələlərin aydınlaşdırılması baxımından milli insan hüquqları təsisatı və milli preventiv mexanizm funksiyalarını həyata keçirən qurumla məsləhətləşmələr aparılması insan hüquqlarının daha səmərəli müdafiəsi üçün faydalı olardı", - deyə Ombudsman bildirib.

Qeyd edək ki, 3 iyul 2024-cü il tarixində Avropa Şurasının İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (İQAK) Azərbaycanla bağlı ictimai bəyanatın dərc olunması barədə qərar qəbul edib.

Mövzuya görə xəbərlər