Bakı, TurkicWorld
Qardaş Türkiyə Respublikasının Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin Ankaradakı qərargahında törədilmiş, günahsız insanların qətlə yetirilməsinə və yaralanmasına səbəb olmuş terror aktını qətiyyətlə pisləyir, insan hüquq və azadlıqlarının kobud pozulması ilə nəticələnən bu qanlı cinayəti törədən şəxşlərin tezliklə ədalət mühakiməsi qarşısında cavab verəcəyinə inanırıq.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
"Bu xain terror hücumu nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və əzizlərinə başsağlığı verir, yaralılara tezliklə şəfa diləyirik", - deyə o əlavə edib.
Qeyd edək ki, Türkiyədə TUSAŞ-ın istehsal müəssisəsində baş vermiş terror aktında 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. Bir qadın və bir kişi olmaqla, iki terrorçu zərərsizləşdirilib.
Əlavə edək ki, Kahramankazanda yerləşən TUSAŞ müəssisəsində PUA, təyyarə və helikopter istehsal edilir. Burada Türkiyənin beşinci nəsil KAAN hərbi təyyarəsi yığılır.