Bakı. TurkicWorld :
Bu gün beynəlxalq miqyasda parlament diplomatiyasının böyük rolu var. Bu mənada TÜRK PA xüsusi əhəmiyyət daşıyır.
TurkicWorld-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova TÜRK PA-nın Bakıda keçirilən 13-cü Plenar iclasında çıxışı zaman deyib.
O qeyd edib ki, TÜRK PA yalnız qanunvericilik çərçivəsində fəaliyyət göstərmir, eyni zamanda, beynəlxalq aləmdə mövqeyimizin nümayş etdirilməsi və qorunması baxımından vacibdir.
"Bir sıra beynəlxalq təşkilatlarda qərəzli yanaşmalar fonunda bu məsələ daha da aktual əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, təşkilat dövrün tələbinə uyğun olaraq öz fəaliyyətini zənginləşdirir. TÜRK PA-nın beynəlxalq əlaqələrinin genişlənməsi də təqdirəlayiqdir", - deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü iclası keçirilir. İclasda Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, Qazaxıstan Respublikasının Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Şimali Kipr Türk Respublikası (ŞKTR) Məclisinin sədri Zorlu Töre, Macarıstan Milli Assemblyası sədrinin müavini Marta Matrai, müşahidəçi təşkilatların, türk əməkdaşlıq təşkilatlarının nümayəndələri iştirak edir.