Son dəqiqə

Ombudsman

Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir - Ombudsman müşaviri

Bakı. TurkicWorld:

Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar, internetdə və mətbuatda yayımlanan bəzi video və filmlər, televiziya verilişləri yeniyetmələrin düşüncəsinə, dünyagörüşünə mənfi təsir edir.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) müşaviri Rəşad Novruzov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda Forum çərçivəsində "Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgen işıqlandırılması" adlı panel sessiyada çıxışında deyib.

O qeyd edib ki, belə hallar yeniyetmələri təhsildən yayındırmaqla yanaşı, onları başqa zərərli sahələrə meylli edir, bir çox hallarda aqressiv davranmalarına və nəticə etibarilə qanunazidd hərəkətlərə yol vermələrinə səbəb olur.

Müşavir bildirib ki, aidiyyəti qurumlar tərəfindən bu sahədə davamlı olaraq müvafiq işin aparılmasına, geniş marifləndirmə tədbirlərinin təşkil edilməsinə baxmayaraq, erkən nikahlarla bağlı vəziyyət ürəkaçan deyil.

"Belə ki, rəsmi statistikaya əsasən, 2021-ci ildə nikaha daxil olmuş 18 yaşadək qızların sayı 137 nəfər olduğu halda, 2022-ci ildə bu göstərici 270 nəfər təşkil edib. Eyni zamanda, 15-17 yaş qruplarında olan analar tərəfindən diri doğulmuş uşaqların sayı 2021-ci ildə 1650 nəfər idisə, bu göstərici 2022-ci ildə 2011 nəfər olub. Bu isə əvvəlki illə müqayisədə 25 faiz artım deməkdir. Bu dinamikaya təsir edən əsas amillər kimi ailədə övladlara verilən tərbiyə, təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkilində mövcud olan boşluqlar və sair çıxış etsə də, sosial şəbəkələrin, internet resurslarının və medianın buradakı rolu da danılmazdır", - deyə o əlavə edib.

Mövzuya görə xəbərlər