ABŞ Dövlət Departamenti sülhməramlıların Qarabağı tərk etməsinə münasibət bildirib

ABŞ Dövlət Departamenti sülhməramlıların Qarabağı tərk etməsinə münasibət bildirib

Bakı. TurkicWorld:

ABŞ Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə münasibət bildirib.

TurkicWorld xəbər verir ki, Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel ABŞ-nin 2020-ci ildə Qarabağda döyüşlərə son qoyan və həmin bölgədə Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi ilə nəticələnən üçtərəfli razılaşmanın tərəfi olmadığını diqqətə çatdırıb.

"Bununla belə, biz Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyirik və bu prosesin asanlaşdırılması üçün yardımımızı davam etməyə hazırıq", - Dövlət Departamentinin rəsmisi qeyd edib.

Qeyd edək ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını təsdiqləyib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumatla əlaqədar bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilmişdir. Artıq proses başlanılmışdır, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Rusiya sülhməramlı kontingentinə məxsus hərbi texnikaların Azərbaycandan çıxması prosesini əks etdirən kadrlar yayılsa da bununla bağlı hər hansı bir rəsmi açıqlama yox idi.

Əlavə edək ki, rus sülhməramlılar 10 apreldə Kəlbəcərdə yerləşən Xudavəng monastır kompleksini tərk edib. Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.