İqlim fəaliyyətində hüquq mühafizə orqanlarının səfərbər edilməsinə həsr olunmuş sessiya təşkil ediləcək - Kamran Əliyev

İqlim fəaliyyətində hüquq mühafizə orqanlarının səfərbər edilməsinə həsr olunmuş sessiya təşkil ediləcək - Kamran Əliyev

Bakı. TurkicWorld:

Baş Prokurorluq tərəfindən iqlim fəaliyyətində hüquq mühafizə orqanlarının səfərbər edilməsinə həsr olunmuş sessiya təşkil ediləcək.

TurkicWorld xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Bakıda Xəzəryanı dövlətlərin baş prokurorlarının beştərəfli görüşündə çıxışı zamanı deyib.

K. Əliyev bildirib ki, Prezidentin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə, Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

"Ətraf mühit və ekoloji sahədə aparılan dövlət siyasətinin uğurlu nəticəsidir ki, cari ilin noyabr ayının 11-dən 24-dək ölkəmiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək. Qürurverici haldır ki, bu mötəbər tədbir çərçivəsində ölkəmizin Baş Prokurorluğu tərəfindən iqlim fəaliyyətində hüquq mühafizə orqanlarının səfərbər edilməsinə həsr olunmuş sessiyanın təşkili planlaşdırılır".