Cənubi Qafqazı sabitlik mərkəzinə çevirmək üçün önümüzdə fürsət var -Hakan Fidan

Cənubi Qafqazı sabitlik mərkəzinə çevirmək üçün önümüzdə fürsət var  -Hakan Fidan

Bakı. TurkicWorld:

Cənubi Qafqazı sabitlik mərkəzinə çevirmək üçün önümüzdə fürsət var.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin XİN rəhbərlərinin 9-cu üçtərəfli görüşünün yekunları üzrə mətbuat konfransında çıxışı zamanı deyib.

Türkiyə XİN rəhbəri onu da vurğulayıb ki, Azərbaycan 30 ildən sonra ərazi bütövlüyünü yenidən təmin edib.

"Azərbaycan və Gürcüstanla enerji sahəsində uğurlu əməkdaşlığımızı dərinləşdirmək barədə razılığa gəldik. Bakı-Tiflis-Qars dəmir yolu xəttinin yenidən fəaliyyətə keçməsinin vacibliyini vurğuladıq. Qara dənizin təhlükəsizlik, iqtisadiyyat, energetika və nəqliyyat sahələri başda olmaqla, region üçün strateji əhəmiyyəti barədə müzakirələr apardıq", - deyə o vurğulayıb.

H.Fidan onu da bildirib ki, Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi qlobal təhlükəsizlik və əlaqə üçün mühüm əhəmiyyət kəsb edir.

X: Lamanasadli01