Regionda kommunikasiyaların bərpası üzrə iş aparılır - Ceyhun Bayramov

Regionda kommunikasiyaların bərpası üzrə iş aparılır - Ceyhun Bayramov

Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət Üçtərəfli İşçi Qrup yaradılıb, təxminən 10 aydır regionda kommunikasiyaların bərpası üzrə iş aparılır. Bunun üçün mütəxəssislər bölgəyə gəlib, ərazinin vəziyyətini yoxlayırlar.

TurkicWorld-un məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Anadolu Agentliyinə müsahibəsi zamanı bildirib.

XİN rəhbəri qeyd edib ki, Ermənistanın bu məsələ əleyhinə açıqlamalarına, ziddiyyətli hərəkətlərinə baxmayaraq, Üçtərəfli İşçi Qrupu indiyə qədər çox böyük irəliləyiş əldə edib:

"Zəngəzur dəhlizinin açılması çox əhəmiyyətlidir. Üçtərəfli bəyanata görə, Azərbaycanın qərbi ilə Naxçıvan arasında yol açılacaq. Bu, eyni zamanda, Türkiyə ilə Azərbaycan arasında birbaşa bağlantının təmin edilməsi deməkdir ki, bu da çox əhəmiyyətlidir. Bu yolun açılması ilə Türkiyə və Azərbaycan əlavə üstünlüklər əldə edəcək. Türkiyə üzərindən Avropa bazarına giriş imkanımız olacaq. Eyni şəkildə Türkiyə də Azərbaycan üzərindən Mərkəzi Asiyaya çıxış imkanı qazanacaq və bu da Türkiyə üçün yeni fürsətlər yaradacaq. Bu, həm Ermənistan, həm digər bölgə ölkələrinin xeyrinədir. Ermənistanın da bunu başa düşərək konstruktiv addımlar atmasını gözləyirik”,-deyə C.Bayramov bildirib.