Bakı. TurkicWorld:
Azərbaycan və Ermənistan arasında 30 ildən sonra ilk dəfə olaraq sülh üçün real şərait yaranıb, Aİ və bəzi üzv dövlətləri tərəfindən hər hansı ad altında Ermənistana hərbi yardım göstərilməsi və ya Ermənistana havadarlıq etməklə sülh prosesindən yayındırılması Cənubi Qafqaz regionunda dayanıqlı sülhün qurulmasına xələl gətirəcək.
TurkicWorld xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görüşü zamanı deyib.
Nazir Ceyhun Bayramov Azərbaycanın Aİ və üzv dövlətlərin etibarlı tərəfdaşı olduğunu, ölkəmizə qarşı ikili standartların tətbiqinin və ədalətsiz yanaşmanın sərgilənməsinin regionda dayanıqlı sülhün qurulmasına töhfə vermədiyini vurğulayıb.
O, həmçinin, Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan qərarın qəbul edilməsi və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini bildirib.