Bakı. TurkicWorld:
15-20 yanvar 2024-cü il tarixlərində Uqandanın paytaxtı Kampala şəhərində Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə Görüşü keçirilib. Zirvə Görüşündə Azərbaycan Respublikasını xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Bu barədə TurkicWorld-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Tədbir çərçivəsində QH-nin 19-cu zirvə görüşünün yekun sənədi qəbul edilib. Yekun sənəddə ölkəmiz üçün bir sıra vacib məqamlar əks olunub.
Sənəddə QH üzv ölkələrinin dövlət və hökumət başçıları Azərbaycanın münaqişənin təsirinə məruz qalmış ərazilərdə həyata keçirdiyi bərpa, yenidənqurma və reinteqrasiya fəaliyyətləri xüsusunda həmrəylik ifadə edib, bu ərazilərdə partlamamış sursat və mina problemlərinin maneə yaratdığına diqqət çəkərək, beynəlxalq yardımın göstərilməsinə çağırış edib.