Bizim niyyətimiz Birgə Monitorinq Mərkəzinin bölgədə davamlı sabitliyə töhfə verməsidir - Hulusi Akar

Bizim niyyətimiz Birgə Monitorinq Mərkəzinin bölgədə davamlı sabitliyə töhfə verməsidir - Hulusi Akar

Bizim niyyətimiz Birgə Monitorinq Mərkəzinin bölgədə davamlı sabitliyə töhfə verməsidir.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Heydər Əliyev Mərkəzində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə keçirilən mətbuat konfransında deyib.

“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin vəzifələri və sərhədləri bəllidir. Zaman-zaman bəzi kiçik problemlər olsa da, həmin mərkəzin qərar verildiyi çərçivədə fəaliyyət göstərməsi üçün hər cür səy göstərilir. Orada sadəcə Rusiya və Türkiyə deyil, eyni zamanda Azərbaycanın da inzibati və təhlükəsizlik xidmətinin əməkdaşları böyük səylər göstərirlər. Bunun nəticəsi olaraq atəşkəs rejiminə əhəmiyyətli şəkildə əməl olunur. Atəşkəsin pozulması hallarının ciddi şəkildə azaldığını və sabitlyə doğru mühüm addımlar atıldığını məmnuniyyətlə müşahidə edirik. Bu məsələdə Birgə Monitorinq Mərkəzindəki Türkiyə Silahlı Qüvvələrinin mənsubları üzərinə düşən vəzifələri böyük məmnuniyyətlə yerinə yetirirlər. Bizim istəyimiz oradakı fəaliyyətlərin həqiqətən də atəşkəsin davamlı olmasına töhfə verməsi, bununla yanaşı bölgəyə davamlı sabitliyin gəlməsidir. Bunun üçün nə lazımdırsa, etdik, bundan sonra da edəcəyik ”.